Kolumbiyada yaraqlılar 11 hərbçi və polisi öldürüblər

27 Oktyabr 2015 14:00 (UTC+04:00)

Kolumbiyada "milli azadlıq ordusu" yaraqlılarının hücumu nəticəsində 11 hərbçi və polis həyatını itirib.

Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, Kolumbiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində daha 3 nəfər yaralanıb. Aralarında seçki komissiyasının 2 əməkdaşının və 1 yerli sakinin də olduğu altı nəfər isə itkin düşüb.

Əldə olan məlumata əsasən, hərbçilər hindu əhalinin üstünlük təşkil etdiyi Quikan əyalətinin seçki məntəqəsində bülletenlərin mühafizəsini təmin edirdilər. Onlar departamentin paytaxtına gedərkən yaraqlıların hücumuna məruz qalıblar.

Xatırladaq ki, oktyabrın 25-də Kolumbiyada bələdiyyə və şəhər merlərinin, departament qubernatorlarının, həmçinin şəhər qanunverici yığıncaqları üzvlərinin ümummilli seçkiləri keçirilib.