Müstəqilliyimizin 21-ci ildönümü Nyu Yorkda qeyd olundu

19 Oktyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dövlət müstəqilliyimizin 21-ci ildönümü Nyu Yorkda təntənəli şəkildə qeyd olunub. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri tərəfindən Nyu Yorkun ən yüksək binası "Empire State"də təşkil olunan mərasimdə çox saylı qonaqlar iştirak edib. Nyu York keçmiş millət vəkillərindən Maykl E. McMahon çıxışında, Azərbaycan-Amerika əlaqələrinin yaxşı bir səviyyədə olduğunu söyləyib. Azərbaycanın çox gözəl bir ölkə olduğunu söyləyən McMahon, "Azərbaycanlılarla birlikdə olmaq çox gözəl bir hissdir. Mən, bu yaxınlarda Azərbaycanda idim. Oranı çox bəyəndim. Hər iki ölkənin əlaqələri çox yaxşıdır və ümid edirəm ki, bu hər zaman belə davam edəcək.", deyə sözlərinə davam edib. Azərbaycanın Birləşmiş Millətlər üzrə Daimi Nümayəndəsi Aqşin Mehdiyev isə "Bu gün Azərbaycanın müstəqilliyini bir dəfə daha qeyd edirik. Bunu təşkil edən dərnək rəsmilərinə təşəkkür edirəm." deyib. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, cəmiyyət olaraq 55 ildir xidmət etdiklərini bildirib. İki ölkə əlaqələrinin inkişaf etdirilməsi üçün əllərindən gələn səyi göstərdiklərini söyləyən Azəri, "Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Ölkəmiz gündən-günə inkişaf edir. Biz də xaricdə yaşayan azərbaycanlılar olaraq əlimizdən gələni etməyə çalışırıq. Bu gecə bizi tək qoymayan bütün qonaqlara təşəkkür edirəm." deyib. Mərasimə Türk və Azərbaycan cəmiyyətinin qabaqcıl nümayəndələri qatılıb.