Gürcü milyarderin Azərbaycan qazı ilə bağlı oyunu Tiflisə baha başa gələ bilər

29 Oktyabr 2015 09:30 (UTC+04:00)

Özünün ən çətin günlərində belə daim Azərbaycanın dəstəiyni alan Gürcüstanın qaz bazarında baş verənlər getdikcə daha çox diqqət cəlb edir. Belə ki, Tiflis Rusiyadan daha çox həcmdə qaz almaq məqsədilə Moskva ilə təmaslarını intensivləşdirməkdədir. Özü də o məqsədlə ki, Azərbaycanın Gürcüstannın qaz bazarında mövqelərini zəiflətsin. Hər halda Gürcüstanda hakimiyyətin de-fakto idarəçisi sayılan milyarder Bdzina İvanişvilinin açıqlamaları da bunu təsdiq edir.

Həmin açıqlamalara toxunmazdan öncə bildirək ki, Gürcüstanın enerji naziri Kaxa Kaladze hələ oktyabrın əvvəllərində açıqlama verərək Rusiyanın "Qazprom" şirkətindən qaz ala biləcəklərini dedi. Bu açıqlama Azərbaycanda xeyli suallar yaratdı. Çünki, Azərbaycan illərdir Gürcüstanı qazla təmin edir və buna qədər enerji əməkdaşlığında problem yaranmamışdı. Həm də Azərbaycan qazın qiymətində Gürcüstana güzəşt edir. Ancaq bu məsələdə deyəsən, Tiflis reallığa əvvəlki kimi düzgün qiymətləndirə bilmir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaranan ziddiyyətli situasiyanı aydınlaşdırmaq üçün oktyabrın 12-də Bakıya səfər etdi. Qaribaşvili Tiflisə qayıtdıqdan sonra bir daha vurğuladı ki, Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir.

Amma bunun ardınca Kaxa Kaladze oktyabrın 26-da Milanda "Qazprom" rəhbəri Aleksey Millerlə ikinci dəfə görüşüb. Bu durumda isə Bdzina İvanişvili çox maraqıl açıqlamalar verib. İvanişvili təsdiq edib ki, "Qazprom" la təmaslarda məqsəd SOCAR-ın Gürcüstanda inhisarçı statusunun aradan qaldırmaq və kommersiya müəssisələrinin qazı daha sərfəli qiymətə almasını təmin etməkdir: "Bazarın diversifikasiya olunmasında və bizim biznesmenlərə istədikləri yerdən əlavə qaz almaq imkanı yaradılmasında pis heç nə görmürəm. Biz onlara seçim imkanı verməliyik. Hazırda biz ona çalışırıq ki, Gürcüstana İran qazı da daxil olun. Şəxsən mən özüm bu işin içindəyəm". Gürcüstanın "Vahid Milli Hərəkat" müxalifət partiyasının Azərbaycanın ölkəni ucuz qazla təchiz etdiyi bir vaxtda "Qazprom"la danışıqlara görə hökuməti tənqid etməsinə münasibət bildirən İvanişvili bildirib ki, Azərbaycan qazının Rusiya qazından daha ucuz olduğunu hələ aydınlaşdırmaq lazımdır: "Biznesmenlər dəli deyil ki, özləri bir mənbədən qazı ucuz aldıqları halda başqa yerdə daha baha qiymət ödəsinlər. Biz Azərbaycan tərəfinə, SOCAR-a minnətdarıq. Ancaq əgər bir şirkətin bazarda inhisarçı mövqeyini aradan qaldırmaq və müxtəlif şirkətlərin bazarda iştirakını təmin etmək mümkün olacaqsa, bunda pis heç nə yoxdur". Onun sözlərinə görə, "Qazprom"la danışıqlar ətrafında ajiotajı ancaq "Milli hərəkat" qaldırır. Azərbaycan tərəfi isə narahat deyil: "Mənim onların (SOCAR-ın-red.) həm Azərbaycanda, həm də Gürcüstandakı rəhbərləri ilə yaxşı təmaslarım var, onlar öz narahatlıqlarını ifadə etməyiblər". Gürcüstan mətbuatı xatırladır ki, hökumət rəsmiləri, baş nazir "Qazprom"la danışıqların ancaq tranzit məsələləri ilə bağlı olduğunu desələr də energetika naziri Kaxa Kaladze İvanişvilinin də iştirakı ilə Rusiyadan kommersiya təyinatlı qaz alınmasına dair danışıqlar aparır. Digər tərəfdən İvanişvili açıq şəkildə bildirir ki, SOCAR-ın Gürcüstanda mövqeyinin zəifləməsini istəyirlər. Bu isə son nəticədə Gürcüstanı ucuz Azərbaycan qazından məhrum edə bilər

Gürcüstan müxalifəti onu da xatırladır ki, İvanişvili "Qazprom"un ən iri özəl səhmdarı olub. Hazırda onun bu səhmləri əldə saxladığı barədə məlumatlar var. Aydındır ki, Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz sazişi imzalaması asan olmayacaq. Çünki Gürcüstan müxalifəti bunun əleyhinə çıxır və "Qazprom" şirkətindən qaz alışının Azərbaycanla münasibətlərə mənfi təsir edəcəyini vurğulayırlar. Müxalifət hətta bu şüarlarla mitinq keçiriblər. Tiflis düzgün addımlar atmasa, həm müxalifətin daha böyük təzyiqi ilə üzləşəcək, həm də ucuz Azərbaycan qazından məhrum olacaq. Gürcüstan bazarında mhz Azərbaycanın hesabına sosial qaz qiymətləri həddindən artıq aşağıdır. Keçmiş sovet ölkələri arasında Türkmənistanı istisna etməklə, Gürcüstanda olan sosial qaz qiymətləri Rusiya və Azərbaycanla müqayisə oluna bilər. Amma Gürcüstan Azərbaycan qazı ilə bağıl yanlış addım atarsa, güzəştlərini itirə bilər. Azərbaycan isə gürcüstan satdığı qazı Türkiyə bazarın aötürməyə hazırdır.