Paytaxtın keyfiyyətli içməli su ilə təminatında mühüm dəyişiklik

30 Oktyabr 2015 07:00 (UTC+04:00)

Ölkə əhalisinin yaşadığı yerdən asılı olmayaraq, təmiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində son illərdə kifayət qədər işlər görülüb. Elə bunun nəticəsidir ki, hazırda əhalinin içməli su ilə fasiləsiz təminatında mühüm nəticələr əldə deilib. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi suyun keyfiyyəti, müasir ekoloji tələblərə cavab verməsi də daim diqqət mərkəzində olub.

Yeri gəlmişkən qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsindən sonra paytaxt əhalisi daha keyfiiyyətli içməli suyun verilməsinə başlanılıb. Onu da bildirək ki, kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə qoyuldu. Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun istifadəyə verilməsi isə bu gün paytaxt üçün mühüm əhəmiyyət kəsb edir.

Yeni qurğu vasitəsilə su cəmi 20 saniyədə təmizlənir. Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Prezident İlham Əliyev kompleksin açılışnda bu məqama toxunaraq qeyd edib: "Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük sosial layihəni artıq başa çatdırırıq".

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək. Amma proses təkcə bununla yekunlaşmır. Prezident su təmini məsələsinin həllində qarşıya yeni vəzifələr də qoyub. Bunlardan biri də su təsərrüfatının yenilənməsidir. Dövlət başçısı bununla bağlı qeyd edir: "Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq".

Dövlət başçısı ona da diqqət çəkir ki, son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatıb: "Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir". Regionlarda da su təmini probleminin həlli istiqamətində müvafiq addımlar atılır. Elə dövlət başçısının Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan vəsaitlə 300 subartezian quyusunun qazılması həyata keçrilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır.

Bütün bunlar bir daha onu göstərir ki, ölkə hakimiyyətinin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Prezidentin qeyd etdiyi kimi Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti var və insan amili bu siyasətin mərkəzində dayanır.