Müharibə və münaqişə ocaqlarında istifadə olunan silahların təsirindən sağlamlığımıza təhlükə-SOS

30 Oktyabr 2015 12:33 (UTC+04:00)

Dünya xalqları sülh, əmin-amanlıq içərisində yaşamaq istəsələr də, hələ də münaqişə ocaqlarında atəş səsləri eşidilir, silahlar susmur. Müxtəlif qüvvələrin müharibə və münaqişə zonalarında olan maraqları onlara pul, bəşəriyyətə isə ölüm, xəstəliklər, faciə gətirir. Müharibə və münaqişə ocaqlarında silahlardan istifadə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi olsa da, əksər münaqişə ocaqlarında bu tələblərə əməl edilmir. Bu Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətində də özünü göstərdi.  Bu gün də  işğal olunmuş Azərbaycan ərazilərində düşmən tez-tez ağır texnikadan istifadə edərək təlimlər keçirir, ekologiyaya ciddi ziyan vurmaqda davam edir. Ekspertlər isə münaqişə ərazilərində ağır texnikadan və ekologiya üçün təhlükəli olan müasir silahlardan istifadənin gələcəyimiz üçün faciələrə səbəb olacağını söyləyirlər. Hərbi ekspert  Üzeyir Cəfərov Movqe.az-ın əməkdaşı ilə söhbətində deyib ki, dünyada, eləcə də, regionda münaqişə ocaqlarında irili-xırdalı silahlardan istifadə edilir. Ü. Cəfərov hərbi texnikadan istifadənin regionda flora –faunaya ciddi ziyan vurduğunu, təbiətə vurulan bu zərərin gec-tez özümüzə qayıdacağını deyir: " Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçirir, ağır artreliyadan  atəş açırlar. Nəticədə işğal olunmuş torpaqlarımızda dağlıq və meşə ərazilərində yaşayan canlılar məhv olur, bitgi və ağac örtüyünə zərər dəyir".

Həmsöhbətimiz deyir ki, dünyada silahlardan istifadə ilə bağlı qaydalar var. Həmin qaydalarda müxtəlif növ silah və sursatdan istifadənin yolverilməz olduğu göstərilir: " Məsələn, müharibə və münaqişə ocaqlarında "kaset" bombalardan istifadə qadağandır. Digər bombalardan fərqli olaraq bu bombaların düşdüyü ərazidə ətrafa iynələrdən ibarət olan qəlpələr səpələnir. Bu zaman "kaset" bombanın düşdüyü ərazinin ətrafında nə qədər canlı varsa məhv olur. Ətrafdakı canlıların həmin iynə qəlpələrdən yayınması mümkünsüzdür".

Ü. Cəfərovun sözlərinə görə, nüvə tərkibli kimyəvi maddələrlə zənginləşdirilmiş silah-sursatlar da qadağan olunmuşların siyahısına daxildir. Ü. Cəfərov deyir ki, düşmənin öz istəyinə çatması üçün bu cür silahlarda istifadəsi də qaçılmaz və gözləniləndir: "İctimaiyyət müharibə və münaqişə zonalarında, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində hansı silahlardan istifadə edildiyini bilməsə də, bu barədə məlumat Azərbaycanın Müdafiə Nazirliyinə bəllidir. Hətta erməni tərəfin hərbiçilərinin bir neçə dəfə bizi bu cür silahlarla təhdid edici çıxışları da olub".

Hərbi eskpert deyir ki, hətta beynəlxalq sənədlərdə qadağan olunmuş silahlarla bağlı tələblər olsa da,bu qadağalar formal xarakter daşıyır: "BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum  qətnaməsi də bu günə qədər icra olunmamış qalır. ATƏT-in həmsədrləri turist kimi münaqişə zonalarını gəzib-dolaşsalar da, onlar  hələ də bu cür qanunsuzluqların qarşısını ala bilmir, yaxud almaqda maraqlı deyillər. Odur ki, müharibə və münaqişə zonalarında istifadə edilən ağır texnikanın, müasir silah-sursatın istifadəsinin acı nəticəsi təbiətə, ekologiyaya, canlılara dəyir".

Professor Adil Qeybulla da, müharibə və münaqişə ocaqlarında qadağan olunmuş silahlardan, ağır texnikadan istifadənin təbiətə, ekologiyaya vurduğu zərərin insanların sağlamlığına təsirsiz ötüşmədiyini deyir. A. Qeybullanın sözlərinə görə, hazırda kütləvi qırğın silahlarından istifadə edilməsə də, müasir silahlardan istifadənin insan orqanizminə təsiri danılmazdır: "Ağır texnikadan, silahlardan istifadə təkcə dağıntılara, insan ölümünə səbəb olmur, ətraf mühitə də öz mənfi təsirini göstərir. Ona görə də, silahların istehsalı, istifadəsi ilə bağlı standartlar var. Həmin standarlarda da göstərilir ki, silahlardan istifadədən sonra onun təsiri müəyyən dövrdən sonra özünü biruzə verməməlidir. Çox təəssüf ki, müharibə və münaqişə ocaqlarında istifadə edilən silahların təsiri ilə bağlı araşdırmalar aparılmır. Amma bəllidir ki, bəzi münaqişə ocaqlarında istifadə edildikdən sonra öz təsirini qoyan silahlardan istifadə edilir. Bunu Ukraynanın, Suriyanın təcrübəsində görmək mümkündür".  

  

A. Qeybulla bildirir ki, Ukrayna bu baxımdan Azərbaycan üçün daha çox təhlükə yaradır. Həmsöhbətimiz deyir ki, münaqişə zonalarında istifadə olunan silah-sursatın təsiri özünü ekologiyada göstərməklə yanaşı, həmin ərazilərdə qida istehsalında da iz buraxa bilər: "Ukraynadan Azərbaycana müxtəlif adda məhsul gətirilir. Orada münaqişə zamanı hansı silah-sursatdan istifadə olunduğu qaranlıq qaldığı kimi, həmin silahların ekologiyaya, insanların səhhətinə, qidalara da təsiri qaranlıq qalır. Bu isə yenidoğulan uşaqlara, hamilə qadınların səhhətinə təsirsiz ötüşmür. Həmin silahların növləri, ekologiyaya təsiri barədə məlumat verilmədiyindən insanların orqanizminə hansı mənfi təsir göstərməsi barədə də qəti fikir söyləmək olmur. Bununla belə demək olar ki, müasir silahlardan istifadə az da olsa insan səhhətində, ekologiyada iz qoyur". 


Ekoloq telman Zeynalov isə müharibə və münaqişə zonalarında hərbi silah və sursatdan , ağır texnikalardan istifadənin təbiətdə canlıların yaşam tərzinə öz mənfi təsirini göstərdiyini bildirir. Onun sözlərinə görə, təkcə işğal olunmuş Azərbaycan ərazilərində erməni tərəfin apardığı təlimlər zamanı yaranmış səs-küydən ərazidə yaşayan heyvanlar başqa ərazilərə miqrasiya ediblər. Eyni zamanda ağır texnikadan istifadə meşə örtüyünə, ağacların məhvinə gətirib çıxardır: "Qumbara partlaması zamanı, torpağın "humus"qatı, münbit təbəqəsi öz keyfiyyətini itirir. Partlayışlar torpaqda sürüşmələrə, boşalmalara səbəb olur".

Həmsöhbətimiz regionda münaqişə ocaqlarında istifadə olunan zəhərli silah-sursatın təsirindən bizə də "pay" düşdüyünü bildirir: "Əgər külək şimal-qərbdən əsirsə və küləyin gücü sürətlənirsə, həmin ərazilərdə ətrafa və ekologiyaya atılmış zəhərli maddələr küləklə bizim əraziyə də gəlib çıxır".   

Ekologiyaya vurulan zərərin bəşəriyyətə vurulduğunu deyən ekoloq bundan hər bir ölkənin, münaqişələrin yaranmasında və davam etməsində maraqlı qüvvələrin də ziyan çəkdiyini deyir.