Qeyri-neft məhsullarının ixracı sahibkarlar üçün daha sərfəli olacaq

30 Oktyabr 2015 13:47 (UTC+04:00)

Tarif (qiymət) Şurasının keçirilmiş iclasında malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılmış və müvafiq qərarlar qəbul olunub. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiya iclasında qəbul edilmiş qərara əsasən, nazirliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin müraciətinə baxılıb və qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb. Qərarın qeyri-neft sektorunda ixracın artım tempinə müsbət təsir göstərəcəyini proqnozlaşdırılır.

Sabiq maliyyə naziri "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov ilk olaraq onu bildirdi ki, İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin müraciəti əsasında Tarif Şurasının qəbul etdiyi qərar bilavasitə cənab Prezidentin tarşırıqlarına əsaslanır.

Nazirlər Kabinetinin 9 ayn yekunlarına dair iclasınında Prezident məsələlərə geniş aspektən yanaşaraq Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinin aydın konturlarını göstərdi. Bu sırda sözsüz ki, sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması kimi istiqamətlər xüsulilə qeyd olundu. Tərəddüdsüz deyə bilərik ki, kənd təsərrüfatı məhsulları, yeyinti məhsulları, sənaye malları, maşın və avadanlıqlar, taxta və meşə materialları, əlvan metal, istehsalat və məişət tullantıları sahələri üzrə keçirilən malın mənşə ölkəsinin müəyyən edilməsi ekspertiza xidmətləri tariflərinə yenidən baxılaraq, qiymətlərin 30 faizədək aşağı endirilməsi barədə qərar qeyri-neft sektorundan ixracın artım tempinə öz tövhəsini verəcək. Bir sözlə ekspertiza qiymətləndirməsindəki xərclərinin 30 faiz azalması həmin məbləğ qədər məhsulun maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaqdır ki, bu da nəticə etibarilə məhsulun daha rəqabət qabiliyyətli olmasına imkan verəcək. Ümumiyyətlə, bu qərarı qeyri-neft sektorunun inkişafına hədəflənmiş strateji xəttin növbəti bir elementi kimi qiymətləndirmək olar".

Professor əlavə etdi ki, oktyabr ayının 12-də Nazirlər Kabinetinin ilin doqquz ayının yekunlarına həsr olunmuş toplantısında ölkə Prezidenti sahibkarlığın inkişafına mane ola biləcək məqamları çox ciddi tənqid etməklə yanaşı aidiyyatı qurumlara onların dərhal aradan qaldırılması məqsədilə tapşırıqlar vermişdi: "Müşavirədən bir neçə gün sonra artıq ölkə başçısı konkret addımları müəyyən edən qərarlara imza atmağa başladı. Bütün bu addımlar sonda bir məqsədə - ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin etməyə yönəlmişdi. Bu gün artıq qeyri-neft sektorunda istehsal olunan məhsulun xüsusi çəkisi ölkənin Ümumi Daxili Məhsulunun 70%-i həddinə gəlib çata bilmişdi. Bu gün bu hesaba daxili bazarda biz bir çox məhsullara olan tələbatımızı ödəyə bilirik. Əslində bu heç də pis göstərici deyil. Lakin bu artım hesabına biz ölkənin daxilində bir çox məhsullara olan təlabatı ödədikdən sonra həmin məhsulların ixracının genişləndirilməsi üzərinə qayıtmalıyıq. Çünkü ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsində qeyri-neft sektorundan ixracı artırmaq yolu ilə ölkəyə gələn valyutanın həcminin artması çox mühüm bir məsələdir. Bu səbəbdən də yerli istehsal məhsullarımızın rəqabət qabiliyyətinin artırılması yolunda bütün zəruri addımları atmaq gərəkdir. Bu addımlardan biri də qeyri-neft sektorundan məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üzrə xidmətlərinin tariflərinin yenidən baxılaraq aşağı salınmasıdır".