Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük pullar axır

20 Oktyabr 2012 08:12 (UTC+04:00)

Xaricdə daşınmaz əmlak alan azərbaycanlıların sayı son araşdırmalara görə daha da artmaqdadır. Əvvəlki kimi isə əsas etibarı ilə soydaşlarımızı Türikiyəyə üz tuturlar.

Türkiyədə əmlak satışı ilə məşğul olan "Soysal Group" şirkətinin nümayəndəsi Yelena Arçibaşeva da bildirib ki, Türkiyədə xaricilərin əmlak almasına icazə veriləndən sonra Türkiyədə əmlak alanlar arasında Azərbaycan vətəndaşları liderlik edirlər. Onun sözlərinə görə, azərbaycanlılar ən çox Türkiyənin İstanbul və Bodrum şəhərlərində əmlak alırlar. Qiymətindən və növündən asılı olaraq alınan əmlaklar fərqlidir. İkinci yeri isə Rusiya vətəndaşları tutur.

Türkiyə qanunvericiliyində edilən dəyişikliklər bu prosesi daha da asanlaşdırıb. Xatırladaq ki, Türkiyədə ev alan və burada yaşayan soydaşlarımız adətən qardaş ölkədə kirayə mənzillərdə qalmalı olurdular. Onlar şəxsi mənzilə sahib olmaq arzularını hüquqi məhdudiyyətlər üzündən reallaşdıra bilmirdilər.

Çünki Türkiyə qanunvericiliyi digər xarici ölkələr kimi Azərbaycan vətəndaşlarına da burada ev almaq hüququ vermirdi. Ancaq Türkiyə parlamentinin bu günlərdə verdiyi qərar əcnəbilərin, o cümlədən də soydaşlarımızın burada şəxsi mənzil sahibi olmaq arzusunun reallaşmasına imkan verir. Əcnəbilərin mülk əldə etməsinə dair qanun minlərlə xarici vətəndaşa Türkiyədə daşınmaz əmlak almaq imkanı verir.

Yerli ekspertler bu qanunun qüvvəyə minməsi ilə Türkiyənin inşaat sektorunun canlanacağını proqnozlaşdırırlar. Əmlak məsələləri üzrə ekspert, "Cemlak" şirkətinin sahibi Camal Mehmethanoğlu bildirir ki, əcnəbilərə Türkiyədə daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verəcək: "Son illərdə Türkiyədə saysız lüks bina və villalar tikilsə də, mənizllərin coxu sahibkarların əlində qalıb. Halbuki Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir çox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyən minlərlə əcnəbi var. Bu qanunun qüvvəyə minməsi ölkəyə qoyulan xarici sərmayənin artmasına imkan verəcək ki, bu da ölkə iqtisadiyyatını hərəkətə gətirəcək".

Türkiyə Böyük Millət Məclisinin üzvü Əli Halaman isə qeyd edir ki, bu qanun Türkiyənin inşaat sektorunun Avropa bazarları üçün açılmasına təkan verir.

Onu da qeyd edək ki, Türkiyədə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları bu məqsədlə Bakıda açılmış ofisə müraciət edə bilər. Belə ki, hələ bir müddət öncədən Türkiyənin "İnvestPro GmbH" şirkəti ölkədə əcnəbilərin daşınmaz əmlak almasına icazə verilməsi ərəfəsində bu istiqamətdə hərəkətə keçib. Şirkət xarici ölkələrdə yerli vətəndaşların Türkiyədə daşınmaz əmlak alma prosesini sadələşdirmək üçün artıq Azərbaycanda ofis açıb. Qeyd edək ki, Türkiyənin əcnəbilərə daşınmaz əmlak satışına qoyulmuş məhdudiyyətin götürülməsilə təqribən 20 milyard dollar gəlir götürəcəyi gözlənir. Bu fonda azərbaycanlıların Türkiyədə daha çox daşınmaz əmlak alacağı proqnozlaşdırılır. Azərbaycanlıların, daha çox, İstanbulda daşınmaz əmlak aldığı da məlumdur. Türkiyədə belə daşınmaz əmlak alışına sövq edən əsas səbəb isə kommersiya maraqlarıdır. Belə ki, burada alınan daşınmaz əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. Onu da bildirək ki, Türkiyədə daşınmaz əmlak ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Türkiyə ilə yanaşı, digər xarici ölkələrdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Ölkəmizdə isə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb. Lakin əvvəlki kimi əsas diqqət Türkiyəyə yönəlib.

Bununla yanaşı, indi xaricdə ev almaq istəyən azərbaycanlılar qiyməti 50 min avroya qədər olan obyektlərə üstünlük verir. Belə evlər ən çox Türkiyə və Şərqi Avropa ölkələrindədir. Hələlik isə dünyadakı maliyyə böhranının davam etməsi, vəsait qıtlığı və bundan sonra proseslərin necə olacağı barədə qeyri-müəyyənlik nəticəsində xaricdə daşınmaz əmlak ucuzlaşmaqda davam edir.