ABŞ-ın Qarabağ siyasəti tənqid hədəfinə çevrildi

20 Oktyabr 2012 08:19 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsi ABŞ tərəfindən heç vaxt strateji məsələlər kontekstinə daxil edilməyib. ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, məsələ sülh yolu və qarşılıqlı razılıq əsasında həll edilməlidir. Bu, rəsmi siyasəti ifadə etmir. Bu, əslində məsələnin həllindən boyun qaçırmaqdır". Bunu Bakıdakı "Regional sülh və təhlükəsizliyin bərqərar olunmasında Azərbaycan-Amerika əməkdaşlığının rolu" beynəlxalq konfransında "Qarabağ məsələsi: ədalətsizlik və enişli-yoxuşlu çıxış yolları" mövzusunda çıxış edən ABŞ-ın Ceymstaun Fondunun aparıcı elmi işçisi, doktor Vladimir Sokor bildirib.

Onun fikrincə, ABŞ məsələdə işğal və etnik təmizləmə ifadələrindən istifadə etməlidir. Çünki bu məsələ Balkanlarda, eləcə də Abxaziya və Cənubi Osetiya təcrübəsində istifadə olunub. Lakin onun sözlərinə görə, ABŞ beynəlxalq hüququn Cənubi Qafqazda təmin edilməsinə çox az səy göstərir. ABŞ dünyanın bir çox ölkələrində etnik təmizləmə əməliyyatları həyata keçirilərkən həmin ölkələrə müdaxilə etdiyi halda, bunu Cənubi Qafzqazda etmir. Səbəb ondan ibarətdir ki, Amerika Rusiyanı qəzəbləndirmək istəmir. Burada Ermənistan lobbisinin də təsiri rol oynayır.

O bildirib: "ATƏT-in Minsk qrupu tamamilə faydasız qurum olduğunu sübut edib. Lakin bununla belə ondan tamamilə imtina etmək düzgün olmazdı. Çünki bu problemin sülh yolu ilə həllindən imtina demək olar. Çıxış yolu Minsk qrupu dağıdılmadan ona paralel daha səmərəli qurumun yaradılmasıdır".

"Rusiya hazırda Azərbaycanın hesabına Ermənistanın ərazisinin genişləndirilməsinin təminatçısı qismində çıxış edir", - deyən V.Sokol vurğulayıb ki, ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin olunmalı və Rusiya ilə danışıqlar aparılmalıdır. Çünki Rusiyanın prezident səviyyəsində belə bir nümayəndəsi var və rəsmi Moskva danışıqlarda dominant rolunu oynayır: "Bu tarazlığı qorumaq lazımdır. ABŞ-da prezident seçkilərindən sonra Azərbaycan dərhal bu nümayəndənin təyin edilməsi üçün təkidlə təklif irəli sürməlidir".

Onun sözlərinə görə, Azərbaycan ilə strateji əməkdaşlıq üçün plan hazırlanmalıdır. Azərbaycana, sadəcə, İrana qarşı dayanacaq kimi baxmaq olmaz. Azərbaycana Avroatlantik məkanın aparıcı qüvvələrindən biri və Transatlantik enerji təhlükəsizliyi üzrə vacib tərəfdaş kimi yanaşılmasına nail olunmalıdır.