Fermerlərlə sığorta şirkətlərinin çözülməyən ziddiyyəti

23 Oktyabr 2012 07:57 (UTC+04:00)

Dünyanın bir sıra dövlətlərində, xüsusən də Qərb ölkələrində fermerlərin məhsul yetişdirdikləri sahələri sığorta etdirməsi kifayət qədər geniş yayılmış haldır. lakin Azərbaycan praktikasında buna demək olar ki, rast gəlinmir. Halbuki, ekspertlərin fikrincə, fermerlər təbii fəlakətlərdən qorunmaq üçün təsərrüfatlarını sığorta etdirməyin qayğısına qalmalıdırlar.

Bəzi vaxtlar əkini sel apardığından, dolu vurduğundan və ya il quraqlıq keçdiyindən məhsul götürə bilməsələr də, indiyə qədər fermerlərin böyük əksəriyyəti öz təsərrüfatını indiyədək sığorta etdirməyib.

Belə fikirlər də səslənir ki, sığorta şirkətlərinin təklif etdiyi şərtlər ağırdır və bu səbəbdən təsərrüfatın saxlanmasına, əkin-biçinə kifayət qədər çox xərc çəkən fermer sığortaya yüksək faizlə pul ödəyə bilmir. Halbuki bütün dünyada, fermer öz təsərrüfatını sığorta edib, sonra arxayın işinə başlayır. O da vurğulanır ki, aqrar sektorun riskini azaltmaq üçün hökumət də sığorta şirkətini güzəştli sistem tətbiq etməklə həvəsləndirməli, fermerlərə dəyən ziyanın ödənilməsi mexanizmini hazırlamalıdır. Əksər sığorta şirkətləri isə hesab edir ki, onların təklif etdiyi qiymətlər elə də yüksək deyil. Çünki kənd təsərrüfatı sahəsində risk böyükdür. Məsələn, belə iddialar səslənir ki, 5 ilin 2 ili məhsuldar olursa, 2 ili təbii fəlakət baş verir, 1 il də orta səviyyədə məhsul götürmək olur. Buna görə də sığorta şirkətləri üçün aqrar sahəni sığorta etmək risk tələb edir.

Şirkətlər onu da bildirir ki, onlar 1 hektar sahədən əldə ediləcək məhsulun dəyərinin 5 faizi qədər sığorta haqqı alırlar, məhsul məhv olarsa, dəyən ziyanı tam ödəyirlər. Ancaq Azərbaycanda aqrar sahənin sığortadan kənarda qalmasını təkcə risk ehtimalına və yüksək qiymətlərə bağlanmır. Ekspetlərin fikrincə, fermerlər öz təsərrüfatlarını sığorta etməyə maraq göstərmirlər. Xatırladaq ki, hökumət aqrar sahəni sığortaya cəlb etmək üçün güzəştli sistem tətbiq edir, belə ki, taxıl strateji məhsul sayıldığından taxılçılıqla məşğul olan fermer öz sahəsini əlverişli qiymətlərlə sığorta edə bilər. Taxılçılıqla məşğul olanlar arasında sığorta şirkətlərinə müraciət edənlərin sayı isə barmaqla sayılacaq qədərdir. Bu mənada hesab olunur ki, sığorta ilə bağlı fermerlər arasında maarifləndirmə işlərini şirkət özü aparmalıdır.

İndi isə görünən odur ki, hökumət fermerlərin məhsullarının sığortası ilə bağlı problemlərin həllinə birdəfəlik son qoymaq niyyətindədir. Bilindiyi kimi kənd təsərrüfatı sığortası icbari olacaq. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi Orxan Bayramov bununla bağlı bildirib:

"Dövlət Sığorta Nəzarəti Xidməti icbari kənd təsərrüfatı sığortasının tətbiqinə dair qanun layihəsinin hazırlanması üçün Rusiya və Türkiyənin təcrübəsini öyrənir". Onun sözlərinə görə, bu, ayrıca qanun şəklində və fəaliyyətdə olan "İcbarı sığortalar haqqında" qanuna dəyişikliklər edilməsi vasitəsi ilə ola bilər. Bayramov vurğulayıb ki, qanun layihəsinin il ərzində hazırlanması planlaşdırılır: "Kənd təsərrüfatı iqtisadiyyatın strateji vacib sahəsidir və bu qanun aqrar sektorda təbii fəlakətlər nəticəsində yarana biləcək sığorta risklərini və bu zərərlərin kompensasiya edilməsini əhatə edəcək". Bayramovun sözlərinə görə, icbari sığortanın yeni növünün tənzimlənməsi yəqin ki, İcbari Sığorta Bürosu vasitəsi ilə həyata keçiriləcək: "Hazırda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta növlərinin büroya daxil edilməsi istiqamətində işlər aparılır".

Fermerlərə öz sahələrini sığortalamaq məsləhət görən Kənd Təsərrüfatı Nazirliyi isə əvvəllər yalnız buğda bitkisi becərilən sahələrin sığortalanması yönümündə işlərə xüsusi diqqət yetirirdi. Lakin bundan sonra sözügedən proses kənd təsərrüfatı sahələrinin digər bölmələri üzrə, yəni arpa, kartof, soğan, tərəvəz, bostan məhsulları və digər bitkilər əkilən sahələrə də şamil ediləcək. Son dövrlər isə maarriflənmənin genişləndirilməsi və təbliğatın düzgün qurulması hesabına sahibkarların sığortalanmaya meyl göstərirlər. Lakin bu, kütləvi hal almayıb.

Bu arada onu da bildirək ki, bəzi xarici ölkələrdə dövlətin fermerlərə ayırdığı subsidiyaların bir hissəsi sığorta üçün nəzərdə tutulur. Bunun üçün fond yaradılır və o, hökumətlə sığorta şirkəti arasında vasitəçilik rolunu oynayır. Bu fond dövlətdən aldığı vəsaitə nəzarəti və onun xərclənməsini həyata keçirir. Bütün bunlar üçün məsuliyyət fondun üzərinə düşür. Ekspertlər bildirir ki, bu təcrübəni Azərbaycanda reallaşdırmaq çox vacibdir.