“AMEA Rəyasət eyəti qeyri-legitimdir”

23 Oktyabr 2012 07:59 (UTC+04:00)

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb". Bu fikirləri AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, seçkilərin nə zaman keçiriləcəyi hələlik məlum deyil: "Akademiyada seçkilərlə bağlı işlər hələlik dayandırılıb. Qərar verilərsə, seçkilərə hazırlıq prosedurasına bir günün içərisində başlaya bilərik. Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçkilər çox mühüm bir hadisədir və onu kortəbii keçirmək olmaz".

M. Kərimov AMEA-nın Rəyasət Heyətinin (RH) hazırda qeyri-legitim fəaliyyət göstərdiyini də deyib. Qeyd edək ki, bir müddət əvvəl AMEA prezidenti Akademiyanın həqiqi və müxbir üzvü yerinə seçkilərin ilin sonuna qədər mütləq keçirilməli olduğunu və Rəyasət Heyətinin öz legitimliyini itirdiyini demişdi. Buna səbəb Rəyasət Heyəti üzvlərinin səlahiyyət müddətlərinin bitməsidir. Rəyasət Heyəti üzvləri, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir.

Xatırladaq ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib.