Litva Azərbaycan ilə hərbi əməkdaşlığı daha inkişaf etdirəcək

23 Oktyabr 2012 11:44 (UTC+04:00)

Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlıq kifayət qədər güclüdür. Bunu Litvanın Cənibu Qafqaz ölkələri üzrə hərbi attaşesi polkovnik-leytenant Dainius Katilius Bakıda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, iki ay bundan əvvəl iki ölkənin müdafiə nazirləri arasında imzalanmış sazişə bu əməkdaşlığı daha möhkəmləndirib. Hərbi attaşe bildirib ki, hər il ikitərəfli əməkdaşlığın texniki planları yenilənir:"Bu isə göstərir ki, əməkdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır və o, bundan sonra da inkişaf etdiriləcək".

D.Katilius söyləyib ki, iki ölkə arasında imzalanmış müqaviləyə görə, birgə hərbi təlimlərin keçirilməsi, kiçik zabit və çavuş heyətlərinin hərbi hazırlığı nəzərdə tutulur. Bundan əlavə, hər il Litva Hərbi Akademiyası ingilis dilinin öyrənilməsi üçün Azərbaycandan müdavimlər qəbul edir. İkitərəfli razılığa əsasən, ingilis dilinin tədrisi ən yüksək, 3-cü səviyyədə olacaq.

NATO çərçivəsində ikitərəfli əməkdaşlığa gəlincə, hərbi attaşe söyləyib ki, bununla bağlı hər hansı razılıq sazişi və konkret plan yoxdur. Lakin gələn ildən etibarən bəzi texniki məsələlər üzrə, ilk növbədə, mühəndis və hərbi-tibbi personalın təlimi və təcrübə mübadilələrinə başlanacaq.