TQDK nəşrlərinin saxtalaşdırılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib

23 Oktyabr 2012 12:24 (UTC+04:00)
"Son vaxtlar müəyyən qüvvələr tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur".

Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: "Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən komissiyanın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Buna görə də TQDK, abituriyentləri və onların valideynlərini, həmçinin orta ümumtəhsil müəssisələrində çalışan müəllimləri həmin vəsaitləri alarkən diqqətli olmağa çağırır. Orijinal nəşrləri saxta nəşrlərdən fərqləndirmək mümkündür. Belə ki, orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək mümkündür. Onu da bildiririk ki, yuxarıda qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".