“Formula-1” ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
23 Oktyabr 2012 13:33 (UTC+04:00)
Bakıda keçiriləcək
"Formula-1" şou-proqramı ilə əlaqədar paytaxtın bəzi küçə və
prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif
ƏsədovAPA-ya bildirib ki,
oktyabrın 24-dən tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla
açılışı, ərazidə məşqlərin avtomobillərin start və finişi oktyabrın
28-dək davam edəcək. Yarışlarda 10 ölkənin komandası, 35 avtomobil
14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək.
V. Əsədov qeyd edib ki, tədbirin keçirildiyi müddətdə
təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsi əhalini və avtomobil sürücülərini nəzərinə çatdırır
ki, oktyabrın 24-ü 07.30-dan oktyabrın 29-dək yürüş zolağı kimi
nəzərdə tutulmuş Azadlıq Meydanı, Zorge, Puşkin, Ü. Hacıbəyov, Z.
Əliyeva, R. Behbudov küçələri Azadlıq və Neftçilər prospektləri
istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq
istiqamət dəyişdiriləcək.
Tədbir keçirilən müddət ərzində A. Cəlilov və Y. Səfərov
küçələrinin kəsişməsindən, S. Vurğun və Bülbül prospekti ilə Z.
Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə "Azneft"
dairəsinə və "Azneft" dairəsindən Neftçilər prospekti ilə, həmçinin
"Kempinski" otelindən M. Müşfiq küçəsi ilə Parlament prospekti, M.
Hüseyn, Teymur Elçin, Niyazi küçələrindən "Azneft" dairəsi və
Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin
məhdudlaşdırılmasını nəzərə alaraq, mümkün qədər şəxsi
avtomobillərdən az istifadə olunması, alternativ yollardan istifadə
etməklə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə
edilir.