Azərbaycanda razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub
23 Oktyabr 2012 16:07 (UTC+04:00)
Milli Məclisin
(MM) Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin iclası
keçirilib.
İclasda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin
İnzibati Xətalar və Cinayət məcəllələrinə edəcəyi dəyişikliklər
müzakirə olunub.
APA-nın məlumatına görə, Cinayət
Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş
hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda
iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin
əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək
cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək
olub).
Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər
tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və
qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə
törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat
cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu
cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və
169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi
saxlanılıb.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud
surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə
tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və
təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin
bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür
hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza
nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).
Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış
aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti
fərqləndirilib.
Dəyişikliklər MM-in plenar iclasına tövsiyə olunub.
Yalnız deputat Qüdrət Həsənquliyev layihənin əleyhinə səs
verib.