Azərbaycanda ilk dəfə olaraq su sərgisi keçiriləcək

23 Oktyabr 2012 18:00 (UTC+04:00)
Gələn il aprelin 11-13-də Azərbaycanda ilk dəfə olaraq "Bakı Ekspo" mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - Xəzər beynəlxalq su texnologiyaları ("CATEF-2013") sərgi və forumu keçiriləcək.

"APA-ECONOMICS"in xəbərinə görə, "Azərsu" ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq sərginin təşkilatçısı "Iteca Caspian LLC" şirkətidir.

"CATEF-2013" sərgi və forumunun məqsədi beynəlxalq əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə, sənaye istehsalı və bələdiyyə təsərrüfatında ən yeni, ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiq edilməsinə, çay və su hövzələrinin çirklənmə səviyyəsinin azaldılmasına, ucqar kəndlərin içməli su ilə təmin edilməsinə, eləcə də kənd ərazilərində suvarma suyu probleminin həllinə və s. kömək etməkdir.

"CATEF-2013" sərgisində 100-dən çox texnologiya şirkəti, təchizatçılar, istehlakçılar, ekoloqlar, inşaat şirkətləri və digərlərinin iştirakı gözlənilir. İlk dəfə keçirilməsinə baxmayaraq, artıq "CATEF-2013" sərgisi və forumunda bu sahənin bir çox aparıcı şirkətlərində böyük marağa səbəb olub.

Sərgi çərçivəsində ziyarətçilərin diqqətinə su təchizatı, tullantı sularının təmizlənməsi və axıdılması, su ehtiyatlarının bölgüsü, su analizi üzrə ölçmə və tənzimləmə texnologiyaları, klapanlar, nasoslar, sistemin yüklənməsi, informasiya texnologiyaları avadanlıqları vasitəsi ilə idarəetmənin möhkəmləndirilməsi, yerüstü və yeraltı suların mühafizəsi, inşaat texnikası, maşın və avadanlıqlar, qazıma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, daşqınlardan mühafizə, suyun təmizlənməsi və geotermik texnologiyalar təqdim olunacaq.

Sərgi ilə paralel olaraq suyun hasilatı və təmizlənməsi üzrə yeni texnologiya və avadanlıqlara həsr olunmuş forum da keçiriləcək. Forumda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlər təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər.