Narkomaniya bəlası
23 Oktyabr 2012 17:44 (UTC+04:00)
Narkotikanın zərərləri hər birimizə məlumdur. Nə dərəcədə zərərli
vərdiş olması, insan şəxsiyyətini uçuruma yuvarlaması haqqında
danışılsa da, tədbirlər gücləndirilsə də nə narkomanların sayı, nə
də ki, satışın sayı azalır.
2010-cu ildə narkoloji dispanserə müraciət edənlərin sayı 2353
olub, 2011-ci ildə bu rəqəm azalaraq 1999 nəfərə düşüb. 2011-ci
ildə qeydiyyatda olan narkomanlar 24875 nəfərdən
2012-ci ildə artaraq 26469 nəfərə yüksəlib. Burada diqqəti bir
məqam cəlb edir. Narkomanların sayı artır, müalicə olunmaq istəyən
insanların sayı isə azalır. Psixoloq Züleyxa Balacayeva insanların
ictimai qınağdan qorxduqlarını və buna görə müalicəyə az hallarda
üz tutduqlarını deyir: "Burada əsas səbəb budur ki, insanlarımız
ictimai qınaqdan qorxurlar. Çoxları imkanlı ailənin uşaqları olduğu
üçün, ailə imicləri zədələnməsin deyə belə halları çox vaxt
gizlədirlər. Narkomaniyanın atrmasına səbəb sosial problemlərdir.
Yəni insanlar sosial problemlərini həll edə bilmədikləri,
üzləşdikləri maneələr qarşısında özlərini aciz, çarəsiz, gücsüz
hiss etdikləri üçün tərki dünya olurlar, depressiyaya qapılırlar.
Belə insanlar adətən çıxış yolu kimi narkotikadan istifadəni
görürlər ki, bu da zamanla həmin insanların fəlakətinə səbəb
olur.
Belə halların qarşısını almaq məsələsi ümumi xarakter daşıyır. Belə
hallara fərdi yanaşma lazımdır. Mühitin, şəxsiyyətin təhlili
önəmlidir. Cəmiyyətdə hal-hazırda nə baş verir, bunu artıran
səbəblər nələrdir? bunları bir-bir təhlil etmək lazımdır. Belə
hallar ictimailəşdirildikdə gənc nəsildə daha çox maraq yaranır.
Maraq yarandıqda artıq bunu sınamaq istəyirlər. Narkotikdən
istifadə yeniyetmələrdə sınaq məqsdinə çevrilir.
Narkomaniyayla mübarizə tədbirləri gücləndirilməlidir. Hamımız
bildiyimiz kimi XXI əsrdə
narkotik satışı artmaqdadır. Narkobiznes daha da
genişlənməkdədir. Narkotik satışının qarşısını almaq üçün ciddi
tədbirlər görülməlidir. Yalnız belə olduğu halda narkomaniyanın
qarşısını az da olsa almaq olar".