Azərbaycan qazı Rusiyanı daha çox qıcıqlandırmağa başlayır

25 Oktyabr 2012 08:11 (UTC+04:00)

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunun şimal qonşumuz üçün ciddi narahatlıq predmetinə çevrilməsi heç kimə sirr deyil. Elə bu səbəbdən Rusiyanın rəsmi Bakının enerji siyasətinə diqqəti artmaqda, atılan yeni addımlar isə Kreml tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Belə bir vaxtda ABŞ dövlət katibi Hillari Klintonun açıqlamaları isə ekspertlərə görə, Moskvanın Azərbaycan qazı ilə bağlı daha çox qıcıqlanmasına səbəb olacaq.

Xanım Klinton bildirib ki, Rusiyadan Avropaya gedən qazın böyük hissəsi problemli Ukraynadan keçir və qaz təchizatı əsas etibarı ilə Moskva ilə Kiyev arasındakı münasibətlərdən asılı olur: "Bununla belə ABŞ Rusiyanın "Qazprom" şirkətinə alternativ tapmaq niyyətindədir və belə alternativ Azərbaycan ola bilər. Azərbaycanın böyük qaz ehtiyatı var və onu satmaq istəyir. Avropa da bu qazın alışında maraqlıdır. Lakin biz ilk növbədə, qaz kəmərləri tikməliyik. Bizim enerji siyasətimiz rəqabətqabiliyyətlik və inhisarçılığın aradan qaldırılması üzərində köklənib. Əgər Avropa qaz təchizatı ilə bağlı məsələləri həll etsə, onda "Qazprom"un riskli təchizatından daha az asılı olacaq".

Onun sözlərinə görə, Xəzər regionu və Mərkəzi Asiya böyük təbii qaz ehtiyatlarına malikdir: "Onlar bu qazı satmaq, Avropa isə almaq istəyir. Lakin bunun üçün ilk növbədə boru kəmərləri çəkilməlidir. Bütün Avropa qitəsini əhatə edəcək "Cənub dəhlizi" layihəsinin də məqsədi məhz budur. ABŞ layihənin bütün iştirakçılarının fəal tərəfdaşıdır və layihənin gerçəkləşməsinə çalışır". Klinton öz çıxışında qeyd edib ki, ABŞ-ın enerji diplomatiyasının məqsədi rəqabətin inkişafına yardım etmək və inhisarın yaranmasına imkan verməməkdir: "Çünki energetika inhisarları risklər doğurur, bir ölkəni siyasi və iqtisadi müstəqillik baxımından başqa ölkədən asılı edir. Məhz bu səbəbdən NATO enerji təhlükəsizliyini çağımızın əsas məsələsi elan edib və biz ABŞ-Avropa Birliyi Energetika Şurası yaratmışıq. Enerji təhlükəsizliyi artıq iqtisadi rəqabət məsələsi deyil, həm də milli və beynəlxalq təhlükəsizlik məsələsidir".

Təbii ki, Azərbaycanın Avropanın enerji bazarında mövqelərini gücləndirməsi Rusiya tərəfindən xoş qarşılanmır.

Bu arada onu da bildirək ki, Rusiyanın enerji nəhəngi sayılan "Qazprom" şirkətinin Avropada ciddi basqılar altında olduğu müşahidə edilir. Proseslərin gedişi göstərir ki, Avropa Moskvanın enerji inhisarçılığından xilas olmağa çalışır. Artıq Avropa Komissiyası bəyan edib ki, Rusiyanın enerji nəhəngi "Qazprom"un Mərkəzi Və Şərqi Avropa qaz bazarlarında rəqabəti pozan mümkün hərəkətlərini araşdırır. Qazprom"u sıxışdıran Avropanın alternativ mənbə olaraq əsas ümid yerlərindən biri isə Hillari Klintonun qeyd etdiyi kimi Azərbaycandır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla enerji sahəsində razılaşmalar imzalayan Avropa Mərkəzi Asiya qazını da ölkəmiz vasitəsilə almağa çalışır. Xatırladaq ki, Azərbaycan qaz hasilatını 45 milyard kubmetrə çatdırmağı planlaşdırır. Lakin Türkmənistandan Xəzər dənizi vasitəsilə Azərbaycana uzanacaq "Transxəzər" vasitəsilə Avropa daha çox qaz almaq istəyir.

Hələlik isə bəzi proqnozlara görə, yaxın 10 il ərzində Azərbaycan təbii qazının idxal həcmi 30 milyard kub metrə çatacaq. Bu qazın 20-22 milyard kub metri Avropa bazarlarına çıxarılacaq. Ekspertlər deyir ki, 2020-ci il üçün Avropada minimal təbii qaz istehlakı həcminin 600 milyard kubmetr olacağı proqnozlaşdırılır. Bu "mavi yanacağ"ın 25-30 faizi Rusiyanın "Qazprom" şirkətinin payına düşür. Lakin Avropa digər mənbələr, o cümlədən Azərbaycan hesabına Rusiyadan daha az qaz almaq istəyir. Xatırladaq ki, ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti Xəzərin Azərbaycan sektorunda daha bir böyük qaz yatağının açıldığını bəyan edib. 200 milyard kubmetr qaz ehtiyatı olan "Ümid" yatağı ehtiyatlarının həcminə görə "Şahdəniz"dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır. Bazardakı mövcud qiymətləri nəzərə alanda, "Ümid" yatağında tapılan ehtiyatların ümumi dəyəri 30-40 milyard dollar təşkil edir.Hazırda Azərbaycanın qaz ehtiyatı 2.75 trilyon kubmetrə bərabərdir. Amma bu, təvazökar proqnozdur. Yəni ölkənin qaz ehtiyatı daha böyükdür. Ehtimal olunan ehtiyat 5 trilyon kubmetrə bərabərdir.