Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşüb
28 Oktyabr 2012 11:07 (UTC+04:00)
Oktyabrın 27-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici
işlər Naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri
Edvard Nalbandyan arasında görüş keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda
deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert
Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin
xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı
vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun
dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış
durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr
aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində
səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.
Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında
regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.