“Ermənistan hökuməti seçkilər ərəfəsində öz xalqını aldadır”

28 Oktyabr 2012 11:27 (UTC+04:00)
"Ermənistan hökuməti seçkilər ərəfəsində siyasi divident qazanmaq üçün, Avstraliyanın işğal altında olan Dağlılıq Qarabağın müstəqilliyinin tanıması barədə yalan məlumat verməklə öz xalqını aldadır".
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
E. Abdullayev vurğulayıb ki, xalqların öz müqəddəratını müəyyənləşdirməsi və müstəqilliyin tanınması prinsipləri tamamilə fərqli anlayışdır: "Əgər xalqların öz müqəddəratını təyin etməsi prinsipi dövlətin ərazi bütövlüyü anlayışı ilə ziddiyyət təşkil edirsə, bu prinsip barədə danışıla bilməz. Azərbaycan xalqların öz müqəddəratını təyin etməsi hüququna hörmətlə yanaşır, lakin bu dövlətin ərazi bütövlüyü çərçivəsində reallaşa bilər. Mən ərazi bütövlüyü pozulmadan xalqların öz müqəddəratını təyin etməsi prinsipinin təmin olunduğu bir neçə dövləti misal gətirə bilərəm, yeri gəlmişkən, həmin ölkələrdən bəziləri coğrafi baxımından Azərbaycana yaxındır".
E. Abdullayev deyib ki, Ermənistan rəhbərliyi diaspora vasitəsilə ölkəsinin ictimai fikri ilə manipulyasiya etməyə çalışır: " Onlar erməni xalqını inandırmağa çalışırlar ki, guya Avstraliya işğal altında olan ərazilərin müstəqilliyini tanıyıb. Avstraliya rəsmi səviyyədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib. Bundan başqa, Avstraliya hökuməti öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olmuş Azərbaycan ərazilərinə getməməklə bağlı çağırış edib".