Bu gün Türkiyə Cümhuriyyətinin 89-cu ildönümüdür

29 Oktyabr 2012 10:20 (UTC+04:00)

Bu gün Türkiyədə Respublika günü qeyd edilir. 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 89 ildir müstəqil yaşayır.

Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq barədə qərar verib. Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı dövləti İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərləri 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başladılar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başlayıb, Vətən torpaqları düşmən tapdağından xilas edilib.

1920-ci il aprelin 23-də millətin təmsilçiləri - deputatlar Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplanıblar. Mustafa Kamal Paşa TBMM-nin sədri seçilib. Bundan sonra parlament Milli Qurtuluş Savaşına start verib. Bir tərəfdən könüllülərdən ibarət dəstələr, digər tərəfdən nizami ordu dəstələri düşmənə qarşı mübarizə apardı. Bu mübarizə nəticəsini verdi və Türkiyə düşməndən təmizləndi.

1923-cü il avqustun 11-dən etibarən TBMM-nin II çağırış sessiyası başlayıb. Oktyabrın 23-də Ankara paytaxt elan edilib. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya yeməyə dəvət edib və sabah respublikanı elan edəcəyik deyib. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan edilməsini nəzərdə tutan layihəni TBMM-yə təqdim edib. Layihədə "Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur" ifadəsi yer alıb. Parlament qanun layihəsini qəbul edib. Həmin gün axşam saat 20:30-da respublika elan olunub və bu tarixdən etibarən Osmanlı dövləti rəsmi şəkildə Türkiyə Respublikası ilə əvəzlənib.

1924-cü ildən keçirilən bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünya ölkələrində fəaliyyət föstərən Türkiyə səfirliklərində qeyd edilir.

Bildirək ki, Türkiyə tarixində ilk dəfə bu il 29 oktyabr - Respublika Günü Çankaya Köşkündə qeyd olunacaq. Təbrik məktubları Türkiyə Böyük Millət Məclisinə deyil, Çankaya Köşkünə göndəriləcək. Prezident Abdulla Gül və həyat yoldaşı Hayrunnisa Gülün ev sahibliyi ilə Çankaya Köşkündə ziyafət təşkil olunacaq. Ziyafətə rəsmi şəxslər xanımları ilə, tanınmış sənət adamları və idmançılar dəvət ediliblər.