Gələn il maaş və pensiyalar artırılacaq

30 Oktyabr 2012 07:08 (UTC+04:00)

Gələn il Azərbaycanda maaş və pensiyalar artırılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. O bildirib ki, əməkhaqlarının, pensiyaların artırılması və digər sosial proqramlar Azərbaycan Respublikasının dövlət büdcəsinin son illər ərzində qəbul edilən büdcələrinin xarakterik hissəsi olub.

"Hesab edirəm ki, növbəti ildə də bu ənənə davam edəcək", - deyə S.Şərifov vurğulayıb.

Samir Şərifov deyib ki, Azərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb: "Bu, təkcə Maliyyə Nazirliyindən asılı deyil, lakin hesab edirəm ki, icbari tibbi sığorta sahəsində daha kəsərli addımlar atmağın vaxtı çatıb".

Qeyd edək ki, Azərbaycanda "İcbarı tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib, lakin bu sığorta növü geniş inkişaf etməyib.

Samir Şərifov deyib ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi prosesi qrafiki qabaqlayır. "Poses hətta bizim gözlədiyimizdən də böyük sürətlə gedir ki, bu da işlərin yaxşı təşkil olunduğunu göstərir. Əlbəttə ki, mövcud prosesdə yerlərdə bu işləri icra edən işçilər, müvəkkil "Kapital Bank"ın əməkdaşları və digərləri tərəfindən müəyyən nöqsanlar ola bilər. Lakin biz nöqsanların kütləvi olması barədə danışa bilmərik, nöqsanlar cüzi xarakter daşıyır" , - Şərifov vurğulayıb. Nazirin fikrincə, bu proses uğurla həyata keçirilir.

Nazir 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində neftin baza qiyməti proqnozlaşdırılarkən bütün risklərin nəzərə alındığını da deyib:

"Dünya bazarında neftin qiymətində vəziyyət o qədər də problemli deyil. Ancaq neftin baza qiyməti müəyyənləşdiriləndə dünya iqtisadiyyatındakı cari vəziyyət və mümkün risklər nəzərə alınıb".