“Daha dözüm qalmayıb”

31 Oktyabr 2012 06:53 (UTC+04:00)

"Cari ilin 10 ayı ərzində atəşkəs 1178 dəfə pozulub". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində - Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.

Hər iki tərəfdən itkilər olduğunu bildirən Sabiroğlunun sözlərinə görə, Azərbaycan Ordusu 10 ay müddətində 12 itki verib. Lakin ermənilərin özlərinin təsdiq etdiyi məlumatlara görə, atışma nəticəsində onların itkisi 32 nəfərdir. Atəşkəs daha çox Füzuli, Tərtər və Ağdam istiqamətindədir.

"Qoşunların təmas xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb. Ötən ay ərzində qoşunların təmas xəttində 19 monitorinq keçirilib və intensiv başa çatıb. Onlar yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi pozurlar. Biz əsgərik və birinci vəzifəmiz müharibə vasitəsilə də olsa, torpağımızı işğaldan azad etməkdir. İkinci savaş regionda bütövlükdə böyük alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq", - o deyib.

Sabiroğlunun sözlərinə görə, 10 ay ərzində müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılığı altında bütün hərbi birləşmələrimizdə genişmiqyaslı təlimlər keçirilib. Bu sınaqlardan ordumuz pis çıxmayıb.

"Hərdən eşidirik ki, ermənilər bizim işğal altında olan zonalarda həftədə bir-iki dəfə təlim keçirirlər. Təlimi hazırlamaq, həyata keçirmək elə də asan deyil. Bunun üçün ciddi hazırlıq və böyük maliyyə mənbəyi lazımdır. Ermənilər iki-üç tank, bir artilleriya qurğusu çıxarıb adını qoyurlar ki təlim keçirirlər. Bunlar uydurmadır və Azərbaycana heç cür təsir edə bilməz", - mətbuat xidmətinin rəisi deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib.

"Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq", - Sabiroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparılıb. Bunun birincisi silahlanmadır: "Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir".

Polkovnik, həmçinin qeyd edib ki, 45 hərbi şəhərcikdə təmir, quruculuq işləri aparılıb.

Eldar Sabiroğlu bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün ştat strukturu NATO standartlarına uğunlaşdırılıb.

"NATO-nun mənzil qərargahlarında Silahlı Qüvvələrimizin zabitləri NATO zabitləri kimi xidmət edirlər. NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır", - o deyib.

Sabiroğlu qeyd edib ki, İngiltərənin Norfolk şəhərindəki Hərbi Dəniz Qüvvələrinin qərargahına Azərbaycan HDQ-nin zabiti göndəriləcək və hazırda buna hazırlıq işləri gedir.

O bildirib ki, Azərbaycanın 21 ölkədə hərbi attaşesi və nümayəndəsi var və 53 ölkə ilə hərbi əməkdaşlıq edir.

"Azərbaycanda hərbi ali məktəb o dərəcədə inkişaf edib ki, hazırda Qazaxıstan, Qırğızıstan və Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün müraciət edib", - Sabiroğlu deyib.

O, həmçinin bildirib ki, Ermənistanın elə obyekti Azərbaycanın hədəfindədir ki, bir neçə dəqiqə ərzində onu vura bilər. "Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur", - o vurğulayıb.