Azərbaycan yenə Türkiyəni yalnız buraxmadı

1 Dekabr 2015 08:00 (UTC+04:00)

Bilindiyikimi, Rusiya məlum təyyarə qalmaqalından sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu iki ölkə arasında əvvəllər mövcud olan çoxsaylı əlaqələrə xitam verilib. Rusiya həmçinin, Mərkəzi Asiyaya doğru hərəkət edən Türkiyəyə məxsus yük maşınlarının öz ərazisindən keçməklə hərəkətinə də qadağa qoyub. Lakin Türkiyə üçün yaranan bu problemi Azərbaycan həll edib. Belə ki, rəsmi Bakı Rusiyadan Mərkəzi Asiyaya getməsinin qarşısı alınan Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsinə razılıq verib. Buradan həmin yük maşınları Xəzər dənizindən bərə ilə Mərkəzi Asiya ölkələrinə çatdırılacaq. Eyni zamanda, vizası və keçid sənədi olmayan TIR sürücülərinə güzəştə gedilməsi qərara alınıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, atılan bu addım Azərbaycana iqtisadi və siyasi dividendlər gətirəcək: "Rusiyanın Türkiyəyə məxsus yük maşınlarını Orta Asiyaya buraxmaması Moskvanın Ankaraya münasibətdə son zamanlar tutduğu mövqe ilə bağlıdır. Rusiya ərazisindən keçməklə Orta Asiya və Qazaxıstana hərəkət etmək Türkiyənin yük daşıyan maşınlarına iqtisadi cəhətdən sərf edirdi. Amma indi onlar Azərbaycana, oradan bərə vasitəsilə Türkmənistana, sonra da Orta Asiyanın digər ölkələrinə keçid edəcəklər. Bunun infrastrukturunu da hazırlamaq lazımdır. Təbii ki, bu addım Azərbaycana xeyir gətirəcək. Həm iqtisadi, həm də siyasi dividentlər verəcək. Çünki Türkiyənin ağır zamanında belə bir addımın atılması çox doğru və yerində atılmış addımdır. İqtisadi dividentlər ondan ibarət olacaq ki, avtomobillərin tranzit keçidi üçün dövlət büdcəsinə ödənilən ödənişlər artacaq.

Türkiyə TIR sürücüləri Azərbaycan ərazisində yol kənarında yerləşən iaşə obyektlərindən istifadə etməklə onlara da müəyyən qədər pul ödəyəcəklər, yanacaq dolduracaqlar. Yəni, Türkiyəyə aid yük maşınlarının ölkəmizin ərazisindən keçməsilə bir çox sahələrdə gələn gəlirlər artacaq. Amma bu prosesə hazırlıq da görülməlidir. Ən vacib amil burada infrastrukturun hazır vəziyyətə gətirilməsidir. Çünki Türkiyənin yük avtomobillərinin ölkəmizdən keçməsiləə yükdaşıma həcmi də xeyli artacaq. Bərənin normal fəaliyyət göstərməsi, gələn TIR-ların bərə ətrafında yerləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Bu fonda növbələrin olması şəhər infrastrukturuna mənfi təsir edə bilər. Türkiyə yük maşınları Orta Asiyaya əsasən, ərzaq malları daşıyır. Onların burada çox qalması həmin ərzağın korlanması ilə də nəticələnə bilər. Ona görə də prosesə ciddi hazırlıq işləri görülməlidir. Çünki, birdən-birə Azərbaycan ərazisindən keçən iritutumlu yük maşınlarının həcmi 6-8 dəfəyə qədər artacaq. Ay ərzində Qazaxıstan və Orta Asiyaya Türkiyədən 24 minə yaxın maşın keçirdi. İndi bu qədər maşının Azərbaycan üzərindən keçməsi böyük bir həcm yaradacaq, buna hazır olmalıyıq".

Ekspert Yaşar Əsədov da qeyd etdi ki, bu fonda ölkəmizdə yükdaşımaların həcmi xeyli dərəcədə artacaq: "Türkiyənin yük maşınlarının Azərbaycan ərazisindən istifadə edilməklə Orta Asiyaya keçməsi ölkəmizdə yük daşımaların həcmini artıracaq. Bu da öz növbəsində Azərbaycana yük daşımalardan əlavə gəlir gətirəcək. Həmin yük maşınlarının Rusiya ərazisindən keçməsi onlara nisbətən ucuz başa gəlirdi. İndi isə yüklər bərələrdə su nəqliyyatına boşaldılmalı, orada da dənizlə sahilə və buradan yenidən avtomobillərə yüklənməlidir. Bu isə istənilən halda daşınma xərclərini artıracaq. Azərbaycana gəlincə, nəqliyyat axınının hamısı Azərbaycan vasitəsilə reallaşacaqsa, bu ölkədə böyük həcmdə daşınmanın olacağı deməkdir. Yeganə narahatçılıq doğuran məqam odur ki, ölkəmizin yol-nəqliyyat infrastrukturu prosesə tab gətirə biləcəkmi? Çünki, həmin istiqamət üzrə həqiqətən də böyük həcmdə yük daşınması gözlənilir. Hesablamalara görə Rusiyanın meyvə-tərəvəz bazarının 4, pomidor-tomat bazarının isə 50 faizi məhz Türkiyənin payına düşürdü. Bu qədər həcmdə məhsul Azərbaycan vasitəsilə Xəzərə, oradan da Orta Asiya ölkələrinə daşınsa, deməli böyük həcmdə yükdaşımadan söhbət gedə bilər".