Radikal müxalifət terrorçulara açıq dəstək verdi

1 Dekabr 2015 09:00 (UTC+04:00)

Radikal müxalifət kəsiminin Azərbaycana qarşı adətən xəyanətkar mövqedə olması və hər hansı hadisəni ölkə əleyhiən istifadə etmək cəhdi hər zaman özünü qabarıq formada büruzə verib. Nardaranda baş verən hadisələr də bu fonda istisnalıq təşkil etmədi. Məsələ bundadır ki, Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi göstərəmyə çalışan Milli Şura bundan yenə ölkəmiəz qarşı istfiadə etməyə cəhd göstərir. Milli Şura Nardaranda baş verən hadisələrlə əlaqədar bəyanat yayıb. Bəyanatda Milli Şura açıq-aşkar dini ekstermist qruplaşmaya dəstək nümayiş etdirib.

Halbuki, Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilən hadisə, bir qrup terrorçunun Azərbaycanı da Yaxın Şərqin bəzi ölkələrinin gününə salmaq cəhdləri ölkəmizdə fəaliyyət göstərən əksər siyasi qüvvələr tərəfindən qətiyyətlə pislənilərək, bu addımların dövlətçiliyimizə, onun dünyəvi quruluşuna qəsd olduğu bildirilib. Lakin radikal muxalifet, xüsusən də AXCP, Milli Şura yenə də öz ampulasından çıxış edərək, baş verən bu olaya da dövlətçilik marağından deyil, öz şəxsi maraqları prizmasından yanaşıb. Belə ki, onların Nardaranda baş verən olayla bağlı açıqladığı bəyanatlar hadisəni törədən ekstremist qüvvələri və onların stabilliyi pozmaq yolunda törətdikləri əməlləri pisləməkdən daha çox, iqtidarın dövlətçiliyi qorumaq üçün bu istiqamətdə yeritdiyi siyasətə qarşı yönəlib. Yəni Əli Kərimli və onun dəstəsi bütün hadisələrdə olduğu kimi dövlətçilik maraqlarından çıxış etmədiyini bir daha ortaya qoymuş oldu.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, Azərbaycanda sabitliyin olmamasında, xaosun hökm sürməsində Əli Kərimli ilə Taleh Bağırzadənin maraqları uyğun gəldiyindəndir ki, AXCP, Milli Şura da Nardarandakı terrorçuları dəstəkləyən bəyanatlarla çıxış ediblər: "Nardaranda baş vermiş hadisə çox təəssüf onu göstərdi ki, Azərbaycanın dünyəviliyini, demokratik quruluşunu sevməyən bəzi vətəndaşlarımız da var. Təbii ki, bu olay Azərbaycanın milli maraqlarını sevməyən müəyyən dairələrin, hətta bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxslərin də ortaya çıxdığını açıq-aydın göstərir. Onların özlərinə rəhbər hesab etdiyi ağalarının əlini öpmələri də bunu açıq şəkildə sübut edir. Taleh Bağırzadənin bu günə qədərki fəaliyyəti tam çılpaqlığı ilə ortada idi.

O, artıq siyasi bəyanatlar verməkdən belə çəkinmirdi. Din adı altında siyasi maraqlarını ortaya qoyurdu. Əli Kərimliyə və Milli Şura deyilən qondarma quruma gəldikdə, gördük ki, Nardaran hadisələrinə qədər də Taleh Bağızadəni ciddi-cəhdlə dəstəkləyən yalnız Əli Kərimli və həmin bu Milli Şura olub. Əli Kərimli ona "məsləhətlər" verirdi. Hətta Əli Kərimli bir qədər də irəli gedərək Taleh Bağırzadədən dünyəvilik fikrini səsləndirməyi məsləhət görmüşdü. Nəticə etibarı ilə gördük ki, T. Bağırzadə Ə. Kərimlinin bu məsləhətinə heç əhəmiyyət vermədi.

Ə. Kərimlinin məqsədi o idi ki, cəmiyyətdə T. Bağırzadənin radikallığını daha da artırsın. Yəni, ölkədə xaos, iğtişaşların yaranması, sabitliyin pozulması zəminində hadisələrin baş verməsində Ə. Kərimli maraqlı olub. Bu prosesdə də Əli Kərimli ilə T. B ağırzadənin, onun ağalarının maraqları üst-üstə düşürdü. Azərbaycan daxilində sabitliyin pozulmasına cəhdlər yolverilməzdir. Azərbaycan xalqı heç zaman bunu qəbul etməyib və etmir. İslam dini adı altında yaranan ekstremist qrupların Yaxın Şərqdə törətdikləri əməlləri Azərbaycan xalqı kifayət qədər rasional şəkildə izləyir və bilir ki, onların yaydığı ideologiya İslama aidiyyatı olmayan, İslam dininin fəlsəfəsinə, mahiyyətinə uyğun olmayan hadisələrdir. Bütün hallarda Azərbaycanın demokratikləşməsi, dünyəvilik ənənələrinin formalaşması istiqamətində səylər artırılmalıdır. Bu fonda da siyasi partiyaların rolu gücləndirilməlidir. Siyasi partiyalarda gənclərin rolu artırılmalıdır ki, onlar bu cür ekstremist qurumlara qoşulmasınlar".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da qeyd etdi ki, radikal müxalifət Nardarandakı terrorçu qrupları dəstəkləməklə onlarla eyni əməlin sahibi olduqlarını bir daha nümayiş etdirdilər:

"Bu gün radikal müxalifət təbii ki, Nardaranda baş verən hadisəni də öz ampulasına uyğun olaraq qiymətləndirir. Yəni, hər bir problemli məsələdən özünə siyasi dividend qazanmağa çalışır. Təəssüf ki, radikal müxalifət bu zaman dövlətçilik prinsipinin əsas olduğuna əhəmiyyət vermir. Son günlər AXCP sədri və Milli Şuranın Nardaran hadisəsilə bağlı verdiyi bəyanatlar da həmin qurumların apardıqları dövlətçiliyə zidd siyasətin bariz nümunəsidir. Bu gün Azərbaycanda belə hadisələrin gərginləşməsində maraqlı olan qüvvələr var. Dəfələrlə buna oxşar olaylar baş verib və hər birində də Milli Şura onlara öz ampulasına uyğun şəkildə münasibət bildirib. Hakimiyyət əvvəllər də Nardarandakı məsələlərin həllinə sülh yolu ilə nail olmağa çalışırdı. Lakin son günlər baş verən hadisə göstərdi ki, oradakı dini ekstremist qüvvələr danışıqlar yolu ilə məsələnin çözümündə maraqlı deyillər. Nəticədə belə bir olay baş verdi. Lakin təəssüf ki, bu hadisədən də radikal müxalifət dövlətçilik marağını arxa plana çəkməklə, özünə uyğun şəkildə bəhrələnmək istəyir. Bu isə qəbul olunan hal deyil".