İnternet televiziyaları necə tənzimlənəcək?

31 Oktyabr 2012 13:47 (UTC+04:00)

İnternet televiziyalarının fəaliyyətinin tənzimlənməsi və bunun necə həyata keçrilməsi hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Hazırda hər kəs internet üzərindən öz televiziyasını yarada bilər. Lakin hansısa bir tənzimləmənin aparılmaması bu gün nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mövqe.az saytına açıqlama verdi: "Elə dövrdə yaşayırıq ki, internet televiziyalarının fəaliyyətinin tənzimlənməsindən söhbət belə gedə bilməz. Müxtəlif bloqlar yaranıb. Biz bunların hamısını media olaraq qəbul edə bilmərik. Əslində bunların hər biri media vasitələridir. Amma jurnalistika deyil. Jurnalistikanın özünün kodeksləri, əxlaq prinsipləri var. Jurnalistika qanunlara söykənən bir sahədir. Amma çox təəssüf ki, bunların arasında o sərhədlər çox zərifdir, kövrəkdir. Bunun harada bitməsi doğrudanda çox müəmmalıdır, mürəkkəbdir. Bu baxımdan bizim işimizə çətinlik yaradır. Amma onun tənzimlənməsi heç cür mümkün deyil. İndiki halda hamı bundan istifadə edir. Onlarda bizim öyrəşdiyimiz dəqiq məlumatların olması artıq əhali tərəfindən qəbul olunmur. Yeni mediada, sosial şəbəkələrdə təhrif olunmuş, məqsədli informasiyalar çox yayılır. Ona görə də zaman-zaman bunlar aranacaq, ələnəcək. İçərilərindən doğurdan da jurnalistika prinsiplərinə sadiq olan bloqlar, saytlar cəmiyyətdə özünə vəsiqə qazanacaq. Digərləri isə sıradan çıxacaq. İnternet televiziyalarına başqa müdaxilə yolu yoxdur."

İnternet televiziyalarının təhlükəsizliyi haqqında danışan sədr bunun ciddi məsələ olduğunu bildirdi: "Ciddi məsələlərdən biri də internet televiziyalarının təhükəsizlik məsələləridir. Bilirsiz ki, indi internet bu sahədə çox böyük sərbəstlik yaradır. Təhlükəsizlik baxımından üstünlükləri də var. Bunlarda informasiyanın ələnmək imkanları da çoxdur. Eyni zamanda İnformasiya ötürməsi problemləri də var. Televiziyaların auditoriya toplaması üçün onların etimad qazanmaları vacibdir. Onlara rəğbət olmalıdır, bu sahədə inam olmalıdır. Onlar özlərinin yalnız ciddi mövqeləri ilə, səhvə yol vermədən bizim öyrəşdiyimiz və dediyimiz o prinsiplər ki var-balanslı, dəqiq, bitərəf, neytral mövqe tutsalar uğur qazanacaqlar. Digər halda bu yarımçıq qalacaq. Dövlətə, millətə informasiya təhlükəsizliyi baxımından bunların hər hansısa bir vasitə ilə tənzimlənməsi, izlənməsi qeyri-mümkündür."

Çinarə BƏHƏRÇİNLİ