Sosial müdafiə sistemində ciddi problemlər meydana çıxıb

17 Aprel 2012 13:05 (UTC+04:00)


Ölkənin sosial müdafiə sistemində son illər ciddi problemlər meydana çıxıb. Bu problemlərdən biri rəsmi nikaha girməyən ailələrin sayının artmasıdır. Bəzən 4-5 uşaq olandan sonra da nikah rəsmiləşdirilmir.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, ötən il Azərbaycanda doğulan 155 min uşağın 26 mini nikahdankənar dünyaya gəlib. Bu, ciddi düşündürən bir məsələdir. Ailə Məcəlləsində belə bir müddəa var: 40 yaşından yuxarı nikaha girənlər üçün sınaq müddəti müəyyənləşdirilməyib.

Hadi Rəcəbli hesab edir ki, nikaha girməməyin bir neçə səbəbi var.

"Tənbəllik, mədəniyyətin aşağı olması, Rusiyada yaşayan bəzi soydaşlarımızın pasportlarında rus nikahların olması. Bu, səhiyyə orqanlarında, uşaq üçün şəhadətnamənin alınmasında, uşaqların məktəbə getməsində, soyadının, vərəsəliyin müəyyən edilməsində problemlər yaradır".

Millət vəkili vurğulayıb ki, bələdiyyələr, icra nümayəndələri bunların hamısının dəqiq uçotunu aparmalıdırlar.

"Bələdiyyə icra nümayəndələri, kənd ağsaqqalları, məktəb direktorları, qeyri-hökumət təşkilatları bu məsələnin çözülməsində fəal iştirak etməlidirlər. Bu işbirliyi nikahları 100 faizə gətirə bilər".