Ötən gün Sumqayıt şəhər 22 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi faktı ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə bu gün də bu mövzu ilə bağlı müzakirələr aparılır. Müəllimin şagirdi döyməsi faktını əks etdirən videolara sosial şəbəkə aktivlərinin yazdıqları şərhlər göstərir ki, bu məsələdə fikirlər müxtəlifdir. Kimisi bu məsələdə müəllimin haqlı olduğunu düşünür, kimisi isə müəllimin uşağı döyməsinin yolverilməz olduğu fikrindədir. Bəs görəsən, şagirdlərin cəzalandırması metodu necə olmalıdır? Ümumiyyətlə müəllimin şagirdi hər hansı üsulla cəzalandırması düzgündürmü?
Movqe.az saytı bu mövzu ilə bağlı geniş araşdırma aparıb. Sualları pedaqoqlara,eləcə də bu sahədə uzun illərin təcrübəsi olan şəxslərə ünvanlayıb.
"Müəllimin şagirdi döyməsi birmənalı olaraq yolverilməzdir!"
Azərbaycan Təhsil Şurasının sədri
Əjdər Ağayev bizimlə söhbətində deyib ki, situasiyadan asılı
olmayaraq müəllimin şagirdi döyməsi, ona fiziki zor tətbiq etməsi
yolverilməzdir: "Bu, birmənalı şəkildə yolverilməzdir. Ola
bilər ki, sosial şəbəkədə hərə buna bir cür fikir bildirsin. Yəni,
bu məsələdə müəllimi haqlı çıxardan da olar, nahaq çıxardanda.
Pedoqoji tərəfdən yanaşsaq, müəllimin şagirdi döyməsi birmənalı
olaraq yolverilməzdir".
Həmsöhbətimiz deyir ki, müəllim, sinifdə təmkinli davranmalıdır. Şagirdin hər hərəkəti müəllimi özündən çıxardırsa, həmin şəxsə müəllim demək olmazki... Müəllimin, dərsi qurma metodu olmalıdır. Bunun üçün elə üsul seçməlidir ki, boşluq olmasın. Sinifdə, parta arxasında əyləşən uşağın fikri başqa yerə yönəlməsin. Pedoqoji dillə desək, müəllim şagirdin diqqətini dərsə cəlb etməyi bacarmalıdır. Əgər uşağın fikri, başqa yerə yönəlirsə, bu o deməkdir ki, müəllim sinifdəki uşaqların diqqətini dərsə cəlb edə bilməyib. Bunun üçün dərsi düzgün qurmağı bacarmayıb. Əlbəttə, dərs şagird üçün maraqsızdırsa, bu zaman şagird dərsə qulaq asmayacaq. Müəllimin də pedoqoji bacarığı ondadır ki, diqqəti dərsdən yayınan şagirdlərin diqqətini dərsə yönəldə bilsin. Əgər bunu bacarmırsa, bu o demək deyil ki, buna fiziki zor tətbiq etməklə nail olmalıdır. Müəllim heç bir halda, şagirdi döyə bilməz".
Pedoqoji üsullardan istifadə edilməlidir...
Əməkdar müəllim Asif Cahangirov da, müəllimin şagirdi döyməsinin yolverilməz olduğu fikrindədir. Həmsöhbətimiz deyir ki, bu hüquqi baxımdan cinayət hesab olunur: "Müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Hüquqi baxımdan bu cinayət hesab olunur. Nəinki müəllim, nə şagirdin həmyaşıdı, nə dəki, onun valideyni bu hüquqa sahib deyil".
Əməkdar müəllimin fikrincə, diqqəti dərsdən yayınan, eləcə də, nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var: " Mən düşünürəm ki, bunun üçün səriştəyə əsaslanan təhsilə keçid baş tutmalıdır. Müəllim bilməlidir ki, bu cür situasiyalarda necə davranmalıdır. Məsələn, mənim öz üsullarım vardı. Mən dərsdə zəif şagirdlərin, diqqəti yayınan, dərsə qulaq asmayan, oxumayan şagirdin müəllim tərəfindən zor tətbiq edilməsinin həmişə əleyhinə olmuşam. Görürdüm ki, şagird riyaziyyatdan zəifdir, amma gözəl rəsm çəkmək qabiliyyəti var. Mən ona keçdiyim dərsin sxemini qurmasını, şəkillə çəkməsini, bu üsulla məsələ qurmasını tapşırırdım. Deyirdim ki, dərsin sonunda onun bacarığını lövhəyə asmaqla nümayiş etdirəcəm. Hətta onun üzərində dərs quracağam. Uşağı dərsə maraqlandırmağın müxtəlif üsulları var. Müəllim çalışmalıdır ki, şagirddə bu yollarla dərsə maraq oyatsın. Pedaqoq bilməlidir ki, uşağı döyməklə, ona cəza verməklə şagirddə dərsə maraq oyanmayacaq. Bu ola bilər müəllimin uşağa qarşı hirsini soyutsun. Amma nəticədə uşaqda bir dəyişikliyə nail ola bilməyəcək. Biz əməkdaşlıq pedoqogikasından danışırıqsa, bu zaman sinifdə müəllimin şagirdinə əl qaldırması absurddur".
Müəllim 6 ay praktika keçərsə...
Həmsöhbətimiz deyir ki, qərbdə peqaqoqlar ixtisasına mükəmməl yiyələnməklə yanaşı, onlara "sinif daxili idarəetmə" üsulları öyrədilir: "Mən çox təəssüf edirəm ki, bizim ali təhsil müəssisələrində, müəllim kimi yetişən kadrlar, ancaq öz ixtisaslarını öyrənirlər. Riyaziyyat müəllimi hazırlanırsa, ona ancaq riyaziyyatın bütün bölmələri tədris olunmaqla kifayətlənirik. Bu belə olmamalıdır. Müəllimə həm də, sinif daxili idarətmə üsulları öyrədilməlidir".
Əməkdar müəllim, müəllimlərin ali məktəblərdə yox, məktəblərdə hazırlanmalı olduğu qənaətindədir. Onun sözlərinə görə, müəllimlər üçün praktika müddətinin sonuncu kursda 6 ay olması çox səhv qaydadır: "Qərbdə müəllim kimi hazırlanan kadrlar ilk kursdan məktəblərə göndərilirlər. Onlar müəllimliyi, birinci kursdan sonadək, məktəbdə öyrənirlər. Praktiki olaraq müəllim kimi yetişdirilirlər. Bizdə isə müəllimlər ancaq öz ixtisasları üzrə nəzəri biliklərə yiyələnirlər. Ali məktəbi qurtarıb altı ay praktikadan sonra parta arxasındakı şagirdə müəllimlik edirlər. Hansı ki, qərbdə artıq müəllimlərə sinifdaxili səmərəli fəaliyyət göstərmək üsulları öyrədilir. Bizdə isə, müəllimin sinifdaxili davranış səriştəsinə isə demək olar ki, fikir verilmir. Hansı ki, o səriştələr müəllimə ilk kursdan öyrədilməlidir. Bu səriştələr aşılanarsa, müəllim sinifdə diqqəti dərsdə olmayan, zəif oxuyan, nadinc şagirdin diqqətini dərsə cəlb etməyi bacaracaq. Çox təəssüf edirəm ki, bizdə bu məsələ arxa planda qalıb. Nəticədə isə hələ də, ümumtəhsil müəssisələrində müəllimin şagirdi döyməsi faktlarına rast gəlinir".
Müəllimlər psixoloji kurs keçməlidirlər...
Bakının 182 saylı məktəbinin
direktoru Zinyət Tağıyeva da, müəllimin şagirdi döyməsinin doğru
olmadığı fikrindədir. Z. Tağıyeva deyir ki, bunun üçün
məktəb direktorunun müəllimi təlimatlandırmasına belə lüzum yoxdur:
"Hansı direktor müəllimə icazə verər ki, sinifdəki şagirdi döysün.
Müəllimin şagirdi döyməsi qəti şəkildə yolverilməzdir. Əksinə,
müəllim şagirddə məktəbə, dərsə, təhsilə maraq oyatmalıdır. Mənim
fikrimcə hər bir müəllim ilk növbədə valideyn olmalıdır. Əgər
kişidirsə- ata, qadındırsa-ana. Bu iki məfhumun daşıyıcısı olarsa,
müəllim qarşısındakı şagirdi öz övladı kimi sevəcək. Ona öz övladı
kimi baxacaq. Bundan əlavə isə hər bir müəllim, eyni zamanda bir
psixoloq olmalıdır. Mənim qənaətimə görə, müəllimlər, psixoloji
kurs keçməlidirlər. Müəllim həm də bir psixoloq olmalıdır ki,
qarşısındakı şagirdə onun sinifdə davranışına uyğun olaraq
davranmağı bacarsın. Şagirdə fərdi yanaşma sərgiləyə bilsin. Eyni
zamanda şagirdlərə münasibətdə məktəb direktoru da, müəllimlərə bir
örnək olmalıdır".
Döyülən uşaq özünü alçaldılmış hiss edir...
Psixoloq Samirə Abdullayeva isə müəllim tərəfindən döyülən şagirdin gələcəkdə həmin aqressiyanın cəmiyyətə ötürəcəyi təhlükəsinin olduğunu deyir: "Öncə qeyd edim ki, müəllim şagirdi döyməklə,nəinki həmin şagirdə, bütov sinifdəki şagirdlərə bir aqressiya aşılayır. Halbuki, məktəb təkcə təlim yox, eyni zamanda bir tərbiyə müəssisəsidir. Bu cür faktların uşağın tərbiyəsinə hansı mənfi təsirlər göstərdiyini sadalamağa ehtiyac yoxdur. İlk növbədə uşaq digərinə təsir vasitəsi olaraq fiziki gücün, zorun tətbiq edilməli olduğunu öyrənir. Düşünür ki, bu gün müəllim onu sakit dayanmağa, dərs oxumağa zor tətbiq etməklə vadar edirsə, sabah da, o qarşısındakı ilə bağlı niyyətini həyata keçirmək üçün bu cür üsul tətbiq etməlidir. Müəllimin uşağı döyməsi, özündən böyüyə qarşı uşaqda qorxu hissi də yaradır. Bu isə uşaqla- böyük arasında münasibətlərin hörmət yox, qorxu ilə yaranmasına gətirib çıxardır. Eyni zamanda uşağın qürurunun, eqosunun sınması ilə nəticələnir. Uşaq kollektiv qarşısında, öz həmyaşıdlarının arasında müəllim tərəfindən döyülürsə, özünü alçaldılmış hesab edir. Özünü alçaldılmış hesab edən uşağın isə özünə güvən hissi azalır. Bu onun şəxsiyyət kimi yetişməsinə,formalaşmasına, özünü həyatda təsdiq etməsinə əngəl olur. Belə uşaqlar gələcəkdə özlərini təsdiq etmələrinin mümkün olmadığını hesab edirlər. Azərbaycanda isə son illər tətbiq edilən kurikulum təhsil sistemi şəxsiyyətəyönəlik təhsil hesab olunur. Müəllim sinifdə şagirdi döyməklə, onun şəxsiyyət kimi formalaşmasına mane olur. Eyni zamanda, bu əməli ilə şagirdə aqressivlik aşılamış olur. Ona görə də, heç bir halda şagird döyülərək tərbiyələndirilə bilməz. Bunun gələcəkdə uşağın həyatında mənfi fəsadları özünü biruzə verə bilər. Unutmamaq lazımdır ki, uşaq vaxtı alınan heç bir travma gələcəkdə izsiz ötüşmür. Mütləq özünü hər hansı formada biruzə verir".
Hüquqşunas Müzəffər Baxışov isə
Movqe.az saytına açıqlamasında bildirib ki, müəllimin şagirdi
döyməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 126, 127, 128-ci
maddələri ilə cinayət məsuliyyəti müəyyənləşir: "CM-nin 126-cı
maddəsinə görə, əgər müəllimin həmin şagirdə yetirdiyi xəsarət ağır
xəsarətlər kateqoriyasına aiddirsə, həmin müəllim cinayət
məsuliyyətinə cəlb edilə bilər. Yaxud 3 ildən- 8 ilədək
müddətdə azadlıqdan məhrum edilə bilər. Bura qəsdən sağlamlığa ağır
zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə,
eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu
orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya
sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir
hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə şəxsin peşəkar
əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və yaxud
sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər
vurma və sair aiddir. Yox, əgər müəllimin uşağa yetirdiyi xəsarət
az ağır xəsarətlər kateqoriyyasına addirsə, onda müəllim CM-nin
127.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu zaman
həmin müəllim, iki ilədək müddətə
islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Əgər müəllim şagirdi sadəcə döyübsə,
bu, Cinayət Məcəlləsinin 128-ci maddəsi islə tövsiv olunmalıdır.
Bu maddə ilə sağlamlığın qısa müddətə
pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb
olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—üç yüz manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yox,əgər,
müəllim uşağı döyərkən ona nə yüngül xəsarət, nə ağır xəsarət,
nədəki, az ağır xəsarət yetiribsə, yəni ona ümumiyyətlə xəsarət
yetirməyibsə, sadəcə döymə əlamətləri varsa, müəllimin əməli CM-nin
yox, İnzibati Xətalar Məcəlləsinin 38-1 maddəsi ilə tövsif
olunmalıdır. Yəni, həmin maddəyə görə, döymə, və sair zorakı
hərəkətlərlərlə görə, qəsdən qəsdən fiziki ağrı yetirməyə görə -
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin
hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş
günədək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə
tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla
törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olur. Bu maddədə nəzərdə tutulmuş
inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin
ərizəsi əsasında başlanılır. Bu maddədə nəzərdə tutulmuş inzibati
xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta
haqqında iş üzrə icraata xitam verilir".
O ki, qaldı şagirdi döyən müəllimin işdən azad olunmasına, hüquqşunas deyir ki, Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə görə, işəgötürən tərəf müəllimi törətdiyi xətaya, əmələ görə, cinayət və inzibati məsuliyyətə görə, işdən çıxarda bilər. Belə ki, Əmək Məcəlləsinin 70 və 72 maddələrinin tələblərinə görə, işçi iş yerində inzibati xətaya və cinayət tərkibli əmələ yol veribsə, onda işəgötürən işçi ilə əmək müqaviləsini poza bilər. Yəni, işəgötürənə Əmək Məcəlləsinin 70 və 72 ci maddələri belə bir səlahiyyət verir: "Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda,iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən işdən azad edilə bilər".
Ey hörmətli müəllim!
Amma müəllimin məsuliyyəti yalnız bu qanunlarla məhdudlaşmır. Təhsil Nazirliyinin 2014-cü il, 16 may tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin Etik Davranış Qaydaları" da var. Bu qaydaların 4.1.3 bəndində qeyd olunub ki, müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.8 bənddə isə bildirilir ki, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.1.9 bəndə görə, müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Hətta bu qaydaların 4.4.3. bəndi müəllimin valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalı olduğunu özündə etifa edir. Bütün bunlarla yanaşı, nəhayət müəllim öz andına da sadiq olmağı bacarmalıdır. Ölkədə ən nüfuzlu, hörmətli peşə sahibi sayılan müəllimlərin bəziləri isə göründüyü kimi, adlarına, cəmiyyətdə onlara göstərilən hörmətə uyğun davranmırlar. Nəticədə müqəddəs peşə sahibi kimi qəbul etdiyimiz "müəllim" adı tədricən hörmətdən düşməyə başlayır. Müqəddəs varlıq kimi baxdığımız, ömrünü günəşə bənzətdiyimiz müəllimlər bu cür davranışları ilə nəinki, ictimaiyyətin elə qanunvericiliyin də sərt təpgisi ilə qarşılaşma ehtimalının olduğunu bəzən unudurlar. Müəllim adına isə nə məşhər ayağına çəklilmək, nə məhkəmə zalı, nədə ki, məhkumluq həyatı yaraşır. Fransız yazıçısı Viktor Mari Hüqo demişkən: "Vicdan məhkəməsi ən ali məhkəmədi".
Xatırladaq ki, iki gün öncə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə zamanı məktəbin tarix müəllimi İdris Hüseynov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq etmiş, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilmişdir.
Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır. Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.