30 Noyabr 2011 10:26 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşmələri son günlər cəbhə xəttindəki çoxsaylı itkilərini təşviş yaratmamaq üçün ictimaiyyətdən gizlətməyə və Azərbaycan Silahlı Qüvvələrinin itkilər verməsi barədə dezinformasiyalar yaymağa çalışır.

Hərbi mənbələrdən APA-ya məlum olub ki, son bir həftə ərzində cəbhə xəttinin bütün istiqamətləri üzrə atəşkəsi pozan Ermənistan Ordusuna qarşı həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəf 8 hərbi qulluqçusunu itirib. Ermənilərin itkiləri onların öz rabitə vasitələri ilə mərkəzə ötürdükləri məlumatlarda da təsdiqlənib. Döyüşlərdə Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub və Müdafiə Nazirliyi bunu ictimaiyyətə açıqlayıb.

"Təkcə noyabrın 19-da və 20-də, iki gün ərzində atəşkəsi pozan Ermənistan Ordusunun iki əsgəri öldürülüb. Bu iki itkinin Ermənistan ictimaiyyətində hansı təşvişə səbəb olduğunu elə ermənilərin xəbər saytlarında da aydın görmək mümkündür. Sadəcə olaraq Ermənistan tərəfi ənənəvi hərbi informasiya siyasətlərinə uyğun olaraq kütləvi itkiləri gizlətməyə cəhd edir. Lazım gələrsə, həmin əsgərlərin kimliyini də açıqlamaq çətin deyil. Bir faktı qeyd edək ki, təkcə noyabrın 25-də bir saat ərzində cəbhədə 2 erməni əsgəri öldürülüb. Onlardan birinin soyadı Arutunyandır. Ermənistan QHT-ləri bu itkilər barədə məlumatı öz hərbi hospitallarından tələb edə bilər", - deyə mənbə bildirib.

Ermənilərin itkiləri onların özlərinin atəşkəsin pozmaları nəticəsində baş verib. Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində atəşkəsin pozulmasına cavab olaraq, Azərbaycan hərbçiləri təlimata uyğun cavab tədbirləri həyata keçirib. Azərbaycan Ordusunun əsgərlərinin sərrast atəşləri nəticəsində düşmənin aralarında zabit və əsgər olmaqla ümumilikdə 8 hərbçi öldürülüb. Baş vermiş bu hadisələr cəbhə xəttindəki erməni silahlı birləşmələrində təşviş yaranmasına da səbəb olub. Yaranmış vəziyyəti aradan qaldırmaq və əsgərlər arasında mənəvi-psixoloji durumu dəyişmək üçün qarşı tərəf cəbhə xəttinə müqaviləli heyət və snayperlər yerləşdirib. Bundan başqa, əsgərlərin postlarını tərk etməsinin qarşısını almaq üçün arxa cəbhədə polis postları qoyulub.

"Yaxşı olardı ki, Ermənistan rəhbərliyi ölkənin müxtəlif bölgələrindən gətirib işğal etdiyi Azərbaycan ərazilərində güllənin altında qoyub, həyatını məhv etdiyi gənclərə görə xalqına cavab versin. Bu il cəbhədə Ermənistan Ordusunun 100-dən çox əsgəri öldürülüb. Bunların məsuliyyətini Sarkisyan və müdafiə naziri Ohanyan daşıyır", - deyə mənbə əlavə edib.

Məlumata görə, Ermənistan Ordusunun Qarabağda və cəbhə xəttinin digər istiqamətlərində dislokasiya olunmuş bölmələrinin şəxsi heyəti arasında ruh düşkünlüyü artmaqdadır. Müxtəlif kanallar vasitəsi ilə əldə edilmiş məlumatlara görə, müqaviləli heyət arasında çoxları raport yazaraq xidmətdən imtina edir.

APA-ya məlumat verən mənbə onu da qeyd edib ki, son günlər Qarabağ cəbhəsindəki erməni birliklərinin qeydə alınmış rabitə danışıqlarından oradakı ermənistanlı və qarabağlı hərbçilər arasında insidentlərin baş verməsi, ermənistanlı ermənilərin bir-birlərinə müraciət edərək "qarabağlılar üçün ölməməyə çağırdıqları" məlum olub.

Qeyd edək ki, son günlərdə baş verən hadisələrin ictimaiyyətdə yaratdığı etirazı və təşvişi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi bu quruma bağlı bir sıra - David Camalyan, Qrant Məlik-Şahnazaryan, Artsrun Ovannisyan kimi "hərbi ekspertləri" hərəkətə keçirib. Bu hərbi ekspertlər müxtəlif media orqanlarında eyni ssenarili çıxışlarla Qarabağdakı itkilərini pərdələməyə və ictimaiyyəti təşvişdən çıxarmağa çalışırlar.