İŞİD yaraqlıları Qərbi yeni hücumlarla hədələyib

1 Fevral 2016 17:50 (UTC+04:00)

İŞİD terrorçu qruplaşması Avropa ölkələrini təhdid edən yeni videolar yayımlayıb. Zahirən avropalıya bənzəyən yaraqlı kamera önündə hücumların təşkil olunacağı ölkələrin adlarını sadalayıb və sonra qarşısındakı girovu qətlə yetirib.  Movqe.az AZƏRTAC-a  istinadən xəbər verir ki, fransız dilində danışan yaraqlı Qərbə "Paris və 11 sentyabr hadisələrini unutduracaq" yeni hücumlar barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, İŞİD qruplaşması Əl-Əndəlüsu (Pireney yarımadası) ələ keçirməyə hazırlaşır, Portuqaliya və İspaniyada isə çox dəhşətli hücumlar planlaşdırır. Bundan sonra yaraqlı kamera qarşısında öz girovunu satqınlıqda ittiham edib və onun başına atəş açıb. Sonra oradakı digər 4 yaraqlı da əsirlərini qətlə yetirib.Yanvar ayının son günlərində İŞİD qruplaşması Böyük Britaniyanın Baş naziri Devid Kemeronun ünvanına hədələr olan video yerləşdirib. Qruplaşma ötən payızda Fransanın paytaxtında həyata keçirilən hücumlar seriyasının məsuliyyətini də öz üzərinə götürüb.Xatırladaq ki, 2015-ci ilin noyabrında yaraqlılar Parisin bir neçə yerində terror aktları törətmiş, girovlar götürmüş və həmin vaxt yüzlərlə tamaşaçının olduğu "Bataklan" konsert zalına hücum etmişdi. Bu hücumlar nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfər isə yaralanmışdı.