SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev 2
fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin (BANM)
tələbələri ilə qeyri-rəsmi və səmimi ortamda görüş keçirib.BANM-in
ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki,
"Qalstuksuz görüş" formatında keçirilən tədbirdə R. Abdullayev
tələbələri maraqlandıran sualları cavablandırıb, görüş zamanı
maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Tələbələr
SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft
sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi
ilə tanış olublar. R. Abdullayev BANM-in tikintisi yekunlaşmaqda
olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında
media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən
keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı "Neft
Daşları"nda və "Günəşli" yatağındakı 10 nömrəli özüldə baş vermiş
qəza zamanı həlak olan neftçilərlə bağlı, həmin faciədə həlak
olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi
yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın
hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala
və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə
münasibətini bildirib.SOCAR-ın prezidenti keçdiyi həyat
yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi
çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açıb.R.
Abdullayev BANM-in "Neft-qaz mühəndisliyi" kafedrasının dosenti
Xanım Cəfərovaya "Fəxri diplom" təqdim edib, həmçinin "Ən yaxşı
sual" üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in "Proseslərin
avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 2-ci kursda təhsil
alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini bildirib
və ona da hədiyyə təqdim edib.Sonda tələbələr Rövnəq
Abdullayevlə selfie çəkdiriblər.