Britaniya səfirliyi Ermənistana silah satmalarına dair məlumatları şərh edib

2 Fevral 2016 15:42 (UTC+04:00)

"Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmağı qadağan edən mövqeyini qəti şəkildə dəstəkləyir".Movqe.az APA-ya istinadən bildirir ki,məlumatda Britaniya hökumətinin Ermənistanda heç bir müəssisə və ya şəxsə silah satmadığı qeyd olunur: "Biz yalnız o barədə bilirik ki, iki şəxsi tüfəng Birləşmiş Krallıqdan qanuni şəkildə başqa ölkəyə ixrac edilib, daha sonra bizim məlumatımız və razılığımız olmadan həmin silahlar üçüncü tərəf vasitəsi ilə Ermənistana ixrac olunub. Britaniyada istənilən tərəfin Ermənistana çoxlu sayda qadağan olunmuş Britaniya silahlarının satılmasını göstərən heç bir sübutumuz yoxdur. Əgər Ermənistana Britaniya silahlarının satışı ilə bağlı güclü sübut varsa, bu barədə Birləşmiş Krallıq hökumətinə məlumat verilə bilər və biz bunu dərhal araşdıracağıq. Bu cür silahların satılması barədə əsassız spekulyasiyalar mühüm Azərbaycan- Birləşmiş Krallıq münasibətləri üçün faydalı deyil və bu münasibətləri zədələyir". Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan "PGM Mini-Hecate" və "Arctic Warfare .338 LM" snayper tüfənglərdən istifadə etməsinin əks etdirən məlumatlar yer alıb.