"Wikileaks"in yaradıcısı Culian Assanj Londondakı Ekvador səfirliyini tərk etməyə və Britaniya polisinə təslim olmağa hazır olduğunu bildirib. Assanj bu haqda açıqlamanı "Twitter" səhifəsində paylaşıb. Bu o halda baş verəcək ki, BMT-nin işçi qrupu onun qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi haqda mənfi rəy çıxaracaq. O, deyib ki, BMT onun iddiasına müsbət rəy verəcəyi təqdirdə gələcəkdə hər hansı həbs qərarı qüvvəsini itirəcək. Qeyd edək ki, Assanj Böyük Britaniya və İsveç hökumətlərindən BMT-ə 2014-cü ildə şikayət vermişdi. O, girov qaldığı Ekvador səfirliyində təmiz hava, gün işığı, normal tibbi yardım ala bilmədiyindən şikayətlənmişdi. Ekvador Assanja siyasi sığınacaq verib. Lakin onu yalnız bina daxilində saxlamağa icazəsi var. 44 yaşlı Assanj Ekvador səfirliyində 2012-ci ilin iyunundan bəri gizlənir. O, qorxur ki, haqqında cinayət işi açmış İsveç hökuməti onu ABŞ-a ekstradisiya edə bilər.