Özgə dəyirmanına su tökən radikal müxalifət

5 Fevral 2016 09:45 (UTC+04:00)

Dünyanın bir sıra ölkələrində Azərbaycana, onun milli maraqlarına qarşı fəaliyyət göstərən qüvvələr vardır. Bu tip qüvvələr xüsusən də Avropa ölkələri və ABŞ-da daha çoxdurlar. Erməni lobbisi və diasporunun təsiri altında olan həmin qüvvələr daima çalışırlar ki, Azərbaycana qara yaxsınlar, onun imicinə xələl gətirsinlər.

Həmin dairələr beynəlxalq qurumlarda da bir sıra hallarda ölkəmiz əleyhinə qərarların qəbul edilməsi və yaxud Azərbaycanın dövləti maraqlarının qorunması üçün təqdim etdiyi layihələrin beynəlxalq qurumlarda qəbul olunmamasına çalışırlar. Lakin bütün təzyiqlərə baxmayaraq, Azərbaycan hökuməti müstəqil siyasət yürüdərək ölkəmiz əleyhinə olan bu qüvvələrin niyyətlərini hər zaman puç edib və edəcək. Lakin məsələ ondadır ki, nədənsə Azərbaycanın radikal müxalifəti dövlətimiz əleyhinə olan bu ermənipərəst qüvvələrə qarşı sərt və qəti mövqe sərgiləmir. Əksinə, müxalifətin fəaliyyətinə nəzər saldıqda görürük ki, onlar əksər hallarda ölkəmiz əleyhinə olan bu qüvvələri təqdir edir, onların Azərbaycana qarşı atdıqları addımları dəstəkləyirlər.

Milli Məclisin deputatı Elşən Musayevin fikrincə, bunun kökündə müxalifətin heç zaman Azərbaycanı sevməməsi dayanır: "ABŞ və Avropada Azərbaycanın milli maraqlarının əksinə yönəlmiş addımlar həmişə müşahidə olunub. Bir çox mərhələlərdə bunu siyasət adlandırıb və bu əsasda da hətta manevr etməyə, ölkəmizi sıxmağa da çalışıblar. İstəyiblər ki, Azərbaycan da Ukrayna və Gürcüstanın keçmiş gününə düşsün. Amma bunu bacarmayıblar. Vaxtilə Azərbaycanda da narıncı inqilablar həyata keçirmək istəyiblər. Buna hətta səfirlər səviyyəsində də müəyyən cəhdlər, müdaxilələr oldu. Halbuki, bu müdaxilələr qeyri-qanuni idi. O zamandan Qərb ölkələrində bir qıcıq qalıb.

Azərbaycan xalqı həmişə dövlətçilik və Prezidentin yanında olduğundan kənar qüvvələr öz çirkin maraqlarını həyata keçirə bilməyib. Bu da onlarda bir kin yaradıb. Azərbaycan müxalifəti daxilində də radikal kəsim heç zaman dövlətimizin milli maraqlarından çıxış etməyib. Onlar həmişə Avropa, Amerikadan bir xətt axtarıblar ki, maliyyə əldə etsin, qrant alsınlar və burada sakitliyi, sabit mühiti pozsunlar. Ona görə də müxalifət xalqdan tamamilə əlini üzüb. Bilirlər ki, bir əsr sonra da Azərbaycan xalqı onlara səs verməyəcək, dəstəkləməyəcək. Düzdür, onlar əks arqumentlər gətirməyə çalışır ki, inzibatı resurslar iqtidarın əlindədir və onlara guya maneə olurlar. Amma 9,5 milyon insan içindən mitinqlərə müxalifət cəmi 300-400 nəfər yığırsa, bu, artıq onların bütün dediklərini inkar edir. Azərbaycanda uzun illər müxalifət olub, əvvəllər də olub, indi də var. Müəyyən dönəmlərdə müxalifət mitinqlərə adam çıxara bilirdi, indi çıxara bilmir. Bu, artıq o deməkdir ki, xalq onlara inanmır. Belədə onların tək bir yolu qalıb, bu yol da yenə Avropa, Amerikadan hansısa bir xətt, maliyyə yardımı verə biləcək təsisatların əldən çıxmamasından ibarətdir. Müxalifət düşünür ki, Amerika və Avropanın qüsur və səhvlərini desə, Azərbaycanın milli maraqlarından çıxış etsələr, artıq hər şeylərini itirəcəklər. Bu anlamda, nə qədər neqativ səslənsə, məntiq və siyasətlə ziddiyyət təşkil etsə də, müxalifətin əslində, fəaliyyəti başadüşüləndir. Çünki, onlar heç zaman Azərbaycanı sevməyib. Tək məqsədləri hakimiyyətə gəlmək, Azərbaycan iqtidarı ilə haqq-hesab çürütməkdir. Ona görə də belə qüvvələr üçün Azərbaycan mənafeyi maraqlı deyil, onlar üçün maraqlıdır ki, öz imitasiyalarını edə bilsinlər.

Bu yaxınlarda Avropa Şurasının Azərbaycan tərəfdən üzvü kimi plenar iclasa qatıldım. Orada bir məsələni müşahidə etdim. Burada Emin Hüseynov da daxil olmaqla digərləri hüquq müdafiəçisi, QHT adı altında fırlanır, gəzişirdilər. Bilirsiniz ki, orada erməni lobbisi çox iyrənc bir şəkildə təbliğat apardı, maksimum şəkildə əleyhlərinə olan qətnamənin qəbul olunmamasına çalışdılar. Təəssüf ki, Azərbaycan tərəfinin təqdim etdiyi qətnamələrdən biri keçmədi. Amma orada radikal müxalifət qüvvələrinin bundan sevincli olduğunu müşahidə etdim. Bunlar heç bir vəchlə Azərbaycana bağlı insanlar deyil. Ermənistan, Gürcüstan, Ukraynada da müxalifət var, onlar da öz iqtidarlarına qarşı çıxış, müxalifət xəttində bəzən prinsipial mövqe tuturlar. Amma dövlət və milli maraqlar fonunda əl-ələ verib birləşirlər. Azərbaycan müxalifətində isə bunu heç zaman görmədik.

Bu Azərbaycan müxalifətinin xislətindən irəli gəlir. Ölkəmizdə loyal, konstruktiv müxalifət, ağıllı insanlar da var. Amma söhbət radikal qruplardan gedir ki, Azərbaycan onların ümumiyyətlə, vecinə deyil. Bunu onların beynəlxalq təşkilatlardakı Azərbaycan əleyhinə olan fəaliyyətlərində görürük. Eyni zamanda, bugünkü vəziyyətdə Azərbaycana qarşı olan hücumların fonunda da görürük. Çox şükür ki, Azərbaycan xalqı onların cavabını verir və onları tanıyır. Artıq keçən əsrin 88-90-cı illərinin siyasəti indilikdə keçmir. Bu gün Azərbaycan siyasətində ancaq reallıqlar keçir. Ölkəmizin insanları artıq siyasiləşib. Ən ucqar kəndlərdə yaşayanlar belə azından minimal siyasi təfəkkürə və reallqıları ayırmağa qadir gücə sahibdir. Odur ki, radikal müxalifətin Azərbaycan əleyhinə olan xarici dairələri təqdir etməsinə qətiyyən təəccüblənməyin. Müxalifətin xisləti budur, bundan sonra da onlar əllərindən gələni edəcəklər ki, ölkəmizin imici mənfiyə doğru getsin, adımız ləkələnsin. Çünki, onlar üçün milliyyətçilik, dövlətçilik anlayışları keçərli deyil, yaddır".