Azərbaycanda neytral bank əməliyyatlarının yeni təsnifatı və aparılması qaydası müəyyənləşib

5 Fevral 2016 16:00 (UTC+04:00)

Mərkəzi Bankın İdarə Heyəti "Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat"da dəyişikliklər edib.Movqe.az-ın məlumatına görə, dəyişikliyə əsasən bu təlimat bundan sonra qeyri-rezidentlərlə maliyyə əməliyyatları ilə bərabər, neytral əməliyyatlara dair məsələləri də tənzimləyəcək.Rezidentlərin qeyri-rezidentlərlə apardığı neytral əməliyyatlar valyuta növü (manat da daxil olmaqla) üzrə (min valyuta vahidi ilə) qeyd olunacaq. İndiyə qədər hesabat dövrü ərzində eyni xarici ölkə ilə, eyni əməliyyat növü və eyni valyutada aparılan əməliyyatlar bir sətirdə qeyd oluna bilərdi (məsələn, Azərbaycandan ixrac olunmuş mallara görə Almaniya rezidentlərindən daxil olmuş ümumi məbləğ eyni qrupa alınaraq bir sətirdə yazıla bilər). Dəyişikliyə əsasən isə hesabat dövrü ərzində 20 min dollar məbləğindən aşağı və ya buna ekvivalent olan digər xarici valyutada eyni xarici ölkə ilə eyni əməliyyat növündə eyni valyutada aparılan əməliyyatlar bir sətirdə qeyd oluna bilər (məsələn, Azərbaycan Respublikasından ixrac olunmuş mallara görə Almaniya rezidentlərindən daxil olmuş ümumi məbləğ eyni qrupa alınaraq bir sətirdə yazılır). Bu halda aparılmış əməliyyatların sayı qeyd olunur. Hesabat dövrü ərzində 200 min dollar məbləğindən yuxarı və ya buna ekvivalent olan digər xarici valyutada aparılan əməliyyatlar hesabatda hüquqi şəxsin adı göstərilməklə və ya fiziki şəxs olduqda, adı göstərilmədən əməliyyatın fiziki şəxsə aid olması qeyd olunur.İndiyə qədər eyni statistik vahidin qeyri-rezident banklardakı hesabları arasında, yaxud respublikanın müxtəlif statistik vahidlərinin qeyri-rezident banklardakı hesabları arasında apardıqları əməliyyatlar tədiyə balansı üçün neytral əməliyyatlar hesab olunaraq qeydiyyata alınmayıb və hesabata daxil edilməyib. Dəyişikliyə əsasən bundan sonra rezidentlərin qeyri-rezidentlərlə apardığı  neytral əməliyyatlar qeydə alınacaq. Artıq neytral əməliyyatların yeni təsnifatı da müəyyənləşib. Aşağıdakı əməliyyatlar tədiyə balansı üçün neytral əməliyyatlar hesab olunacaq:

 

- eyni statistik vahidin qeyri-rezident banklardakı müxbir hesabları arasında əməliyyatlar;

 

-  müxtəlif statistik vahidlərin qeyri-rezident banklardakı müxbir hesabları arasında əməliyyatlar;

 

-statistik vahidin qeyri-rezident banklardakı müxbir hesablarından nağd xarici valyutanın məxaric olunması və Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və ya statistik vahid tərəfindən nağd xarici valyutanın Azərbaycan Respublikasından çıxarılması və qeyri-rezident banklardakı müxbir hesablarına mədaxil edilməsi üzrə əməliyyatlar;

 

- statistik vahiddə xidmət olunan rezidentin qeyri-rezident banklardakı hesablarına vəsaitin köçürülməsi və ya rezidentin qeyri-rezident banklardakı hesablarından statistik vahiddə xidmət olunan hesabına vəsaitin köçürülməsi üzrə əməliyyatlar;

 

- statistik vahidlərin və digər rezidentlərin Azərbaycan Respublikasından kənara köçürülmüş və ya Azərbaycan Respublikasına daxil olmuş vəsaitlərinin hər hansı səbəbdən tam və ya qismən geri qaytarılması üzrə əməliyyatlar;

 

- statistik vahidin özünün və ya xidmət göstərdiyi rezidentin həmin statistik vahidin qeyri-rezident banklardakı müxbir hesabları vasitəsilə aparılan konvertasiya (mübadilə) əməliyyatları;

 

- tədiyə balansının tərtibi üçün nəzərdə tutulmayan digər əməliyyatlar (statistik vahidin özünün və ya xidmət göstərdiyi rezident və qeyri-rezident bankın müxbir hesabları vasitəsilə apardıqları "forex" və bu tip başqa əməliyyatları);

 

- xidmət olunduğu statistik vahidin müxbir hesabı vasitəsilə qeyri-rezidentlər arasında aparılan əməliyyatlar.

 

Qeyd edək ki, Azərbaycanda institusional vahidin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün - vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün - yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan institutsional vahidlər qeyri-rezident hesab olunur. Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasında yaşayan əcnəbi tələbələr, qeyri-rezidentlər hesab olunur.