Nazirlər Kabineti "2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstə hemodializ seansları ilə təmin olunur, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının böyrəkköçürmə mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində dövlət vəsaiti hesabına böyrəkköçürmə əməliyyatları icra olunur. Respublikada böyrək və digər orqanların transplantasiyası aparılmış 580-ə yaxın xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır. Bu xəstələrin sayı hər il 18-20% artır. Növbəti illərdə böyrəkköçürmə əməliyyatlarının sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə əlavə maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir."2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" (bundan sonra - Tədbirlər Proqramı) xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Tədbirlər Proqramının əsas məqsədi xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasından, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirlər Proqramına əsasən Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi və ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsini təmin etməlidir.