Aqrar sahədə iş yerlərinin sayı artacaq

10 Fevral 2016 09:00 (UTC+04:00)

Azərbaycanda tütün və pambıq kimi məhsulların alış qiymətləri artırılır. Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə social-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının ənənəvi sahələrin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayevlə kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələrilə görüşüblər. Tədbirdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxaldan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin verilməsi, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərlə çıxış ediblər. Sahəyə marağın artması üçün stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlər və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkin sahələri və bu sahədə çalışanların sayının iki dəfədən çox artacağı gözlənilir. Belə ki, cari ildə 3 min hektarda tütün əkiləcək. Verilən məlumata görə, həyata keçirilən bu tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalınma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə bir kq 16 qəpik idi), ikinci növ yaşıl tütünün kiloqramını 15 qəpiyə(keçən il 8 qəpik) qəbul ediləcəyini bildiriblər. bundan öncə isə emal müəssisələri pambığı daha yüksək qiymətlə alacaqlarını açıqlayıblar.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov düşünür ki, alış qiymətlərinin artırılması tütün və pambıqçılıq sahələrinin inkişafına böyük stimul yaradacaq: "Tütünçülük və pambıqçılıq Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük rola malik sahələr olub. İqtisadiyyatımızın möhkəmlənməsi, daha çox gəlir gətirməsində pambıqla tütün istehsalının rolu böyükdür. Ən başlıcası isə odur ki, bu sahədə qadınlar çalışıb. İndi isə kənd yerlərində qadınların çoxu iş tapa bilmir, ancaq evdarlıqla məşğuldurlar.

Həm tütün, həm də pambıq sahələrində hər hektara görə 6-7 nəfər insan işləyir. Onlar da vaxtilə bu sahələrdə çalışmaqla müəyyən qədər gəlir əldə edərək ailələrini dolandırırdılar. Ona görə də tütün və xüsusilə pambığın alış qiymətlərinin qaldırılması təbiidir ki, bu sahənin inkiaşfına stimul yaradacaq. Ancaq qiyməti qaldırmaqla məsələ bitmir. İqtisadiyyat Nazirliyilə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, mütəxəssisləri yerlərdə əhali arasında geniş təbliğat, izahat işləri aparmalı, onlara bu sahənin gəlirli olduğu, eyni zamanda bağlanılan müqavilənin yerinə yetiriləcəyi barədə inam yaratmalıdırlar. İndiki situasiyada əhalinin maariflənməsinə böyük önəm verilməlidir. Geniş təşviqatçılıq işləri aparılsa, bu işə yerli icra hakimiyyəti nümayəndələri qoşularsa, şübhəsiz ki, Zaqatala-Şəki zonasında, Aran iqtisadi rayonunda pambıqçılığa və tütünçülüyə də meyl artacaq, bu sahədə çalışanlar xeyli gəlir əldə edəcəklər".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə prosesin bazar münasibətləri çərçivəsində həllini daha məqsədəuyğun hesab etdi: "Tədarük edən və yaxud emalla məşğul olanlar bazar konyukturuna uyğun hərəkət edə bilərlər. Həm istehsalçı, həm də istehlakçının marağını qorumaq istəyirsə, hökumət müəyyən siyasət aparmalıdır. Bu sahələr dirçəlişi hökumətin marağındadırsa, onlara müəyyən həcmdə dotasiya verməlidir. İstehsalçılar da istəyir ki, əldə etdiyi məhsulu yerli tədarükçülərə satsınlar. Çünki onların digər ölkələrə çıxış imkanları yoxdur.

Maliyyə vəsaitini həmçinin emal və tədarüklə məşğul olanlara ayırıb, onları da yerli mal və məhsulu almağa stimullaşdırmaq olar. Dövlət qiymətləri tənzimləmək istəyirsə, bu fonda qiymət siyasəti aparılmalı, bazarda qiymətlərin aşağı, yuxarı həddi müəyyən olunmalıdır. Belə olan halda hökumət mal, məhsulun bir hissəsini daxili istehsal hesabına əldə olunmasına nail olar".