Azərbaycan son devalivasiyadan sonra xarici turistlərin istirahət etməsi üçün əlverişli bir məkana çevrilib. Elə ekspertlə də, ölkəmizə turis axınının gözlənilən olduğunu, bunun daxili turizmdə canlanmaya səbəb olacağını söyləyirlər. Turizm üzrə ekspert Movqe.az-a açıqlamasında Elxan Vəliyev deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən tur şirkətlərinin çoxu ölkəmizdən xaricə turlar təklif edirlər: "Ona görə də, düşünürəm ki, ilk növbədə bu məsələdə dönüş olmalıdır. Tur şirkətləri həm də, xaricdən daxilə turist cəlb etmək üçün fəlaiyyətə başlamalıdırlar".
Həmsöhbətimizin sözlərinə görə, bu məsələdə aviaşirkətlərin də üzərinə mühüm iş düşür: "Hazırda daxili turizmin inkişafı üçün əlverişli şərait yaranıb. Son devalivasiyadan sonra Azərbaycan xarici turistlər üçün əlverişli məkana çevrilib. Sözsüz ki, onlar arasında bu vəziyyətdən istifadə edərək, Azərbaycanı görmək, gəzməli və tarixi yerləri seyr etmək üçün vətənimizə üz tutanların sayı az olmayacaq. Turizm şirkətləri də bundan istifadə etməyi bacarmalıdır. Otellərin tur şirkərləri ilə sıx əlaqəsi olmalıdır. Xarici turistlər hansı ölkəyə gedirlərsə, orada müxtəlif turlar arasında seçim edirlər. Otellər tur şirkətləri ilə sıx əlaqədə olmalıdır ki, gələn xarici turistə də turlar təklif etsinlər. Bəlkə hansısa turist tarixi yerləri, digəri təbiət qoynunda gəzib dolaşmaq istəyir. Tur şirkətləri turistlərin bu istəklərini nəzərə alaraq onlara turlar təklif etməlidir. Ümumiyyətlə düzgün faydalana bilsək, son devalivasiyadan sonra ölkəmizə turizm axını nəticəsində yaxşı qazanc əldə etmək mümkün olacaq".
E. Vəliyev daxili turizmdə baş verəcək canlanmanın, xidmət sektorunda da keyfiyyətə tələbi artıracağını söyləyir. Onun sözlərinə görə, ölkəmizdə daxili turizmə tələbatın artması, xaricdən turist axını otellərdə və digər turizm obyektlərində xidmət səviyyəsinin yüksəldilməsini zəruri edir: "Son illər turizm sektorunda xidmət səviyyəsi yüksəlib. Amma bu proses davamlı olmalıdır. Otellərdə, digər turizm obyektlərində ixtisaslı kadrlar işə götürülməli, xidmət səviyyəsi daha da yüksəldilməlidir ki, ölkəmizə gələn turistlər təkrar müştəriyə çevrilsin".
"Baku Holidey Travel" turizm şirkətinin rəhbəri Ramil Rzayev də, yaranmış situasiyadan turizm sektorunun daha çox gəlir əldə etməsi üçün sistemli iş aparılmalı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin çoxu işlərini xaricə bilet satışı üzərində qurublar. Ölkəmizə turist cəlb etmək istiqamətində iş görən turizm şirkətlərinin sayı isə barmaqla sayılacaq qədər azdır. R. Rzayevin sözlərinə görə, xaricdən ölkəmizə turist cəlb etməyin bir yolu da turizm şirkətlərinin və otellərin öz profesionallığını artırmasından keçir: "Turizm şirkətləri xarici tur şirkətlərinin təcrübəsindən bəhrələnməlidirlər. İlk növbədə öz veb saytlarını, sosial şəbəkələrdəki səhifələrini bir neçə dildə aktiv etməlidirlər. Saytda, şəhər və region turları barədə ən azı üç dildə məlumatlar olmalı, əlaqələr üçün aktiv nömrələr yerləşdirilməlidir ki, sayta daxil olan turist kifayət qədər turlar, qiymətlər barədə məlumat əldə etsin. Səfər etmək qərarına gəldikdə, turizm şirkəti ilə əlaqə qura bilsin. Çox təəssüf ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 600-ə yaxın turizm şirkətindən 100-ü xaricdən turist cəlb etmək iqtidarında deyil".
R. Rzayev bundan əlavə otellərlə turizm şirkətləri arasında xidmət standartının olmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, otellər turizm şirkətlərinə endirim etməlidir ki, tur şirkətləri də, otelləri reklam etmək marağında olsunlar: "Bunun üçün isə otellərlə turizm şirkətləri arasında partnyorluq standartı olmalıdır. Otellərin turizm şirkətlərinə şərtləri satışa görə tətbiq olunmalıdır".
R. Rzayevin sözlərinə görə, xaricdən turist cəlb etmək üçün xidmət səviyyəsi də yüksək səviyyədə olmaldır: "Ölkəmizə turist cəlb etmək üçün daixli turizm şirkətləri, dünyanın tanınmış turizm şirkətləri ilə əməkdaşlıq etməlidirlər. Qardaş Türkiyədə elə turizm şirkəti var ki, bir ildə 700 min, bir milyon turist cəlb edə bilir. Azərbaycandakı turizm şirkətləri isə bir ildə xaricdən 100 turisti ancaq cəlb edə bilirlər. Bunun üçün turizm sahəsində xidmət səviyyəsi də yüksəldilmılidir. Bu gün qonşu Türkiyə bu mənada dünyada öncül sırada qərarlaşır. Bizim turizm şirkətləri də bu təcrübəni öyrənməlidirlər".
Həmsöhbətimiz bu gün ölkədə Turizm İnstitutu yaradılsa da, burada ixtisasların məhdud olduğunu, turizm sahəsində əmək bazarında tələbat olan mütəxəssislərin hələ də hazırlanmadığını söyləyir: "Turizm şirkətləri hələ də, bir neçə dil bilən, eyni zamanda ölkəmizin regionlarını yaxı tanıyan mütəxəssis tapa bilmir. Ona görə də, sözügedən universitetdə əmək bazarında tələbat olan sahələr üçün kadrlar hazırlanmalıdır".