Ömürlük məhbusların əfv müraciəti nə yerdədir?
21 Noyabr 2012 16:22 (UTC+04:00)
Məlumat verildyi kimi bir qrup ömürlük məhbus iki ay əvvəl
ombudsmana müraciət edib. Məhbuslar 1998-ci il, fevralın 10-da
Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmünün ləğv olunduğunu
xatırladaraq bildirib ki, sənəd vaxtilə ölümə məhkum edilmiş
şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini də nəzərdə tutub.
Bununla razılaşmayan məhbuslar cəzalarını yüngülləşdirilməsini
istəyirlər. Ombudsman Aparatı isə ömürlük məhbusların
müraciətini Milli Məclisə göndərib. Bu müraciətə hələ ki cavab
verilməyib.
Bəs məhbusların istəklərinin yerinə yetirilməsi, yəni cəzanın
azaldılması mümkündürmü?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü, millət vəkili Fəzail Ağamalı məsələ ilə bağlı aşağıdakı
Mövqe.Az-a açıqlamanı verib: "Ombudsman bu təklif ilə çıxış edərkən
heç şübhəsiz ki, Azərbaycanın milli qanunvericiliyini nəzərə alıb
cəmiyyətimiz üçün xüsusi təhlükə təşkil etməyənlərə, bu
kateqoriyaya daxil olanlara belə bir güzəştin edilməsini əsas
götürüb. Humanizim məqsədi güdən, humanizmə söykənən bir prinsipə
əsaslanaraq belə bir təklif ilə çıxış edib. Əlbəttə, buna mən mənfi
baxmıram, müsbət yanaşıram. Ölkə prezidentinin həyata keçirdiyi,
ənənəvi və davamlı xarakter daşıyan əfv etmə siyasəti var. Bu
siyasət nəticəsində minlərlə insan cəzasını tam çəkmədən azadlığa
buraxılır, o insanlar yenidən öz ailələrinə qovuşurlar. Öz ailələri
ilə birlikdə olurlar. Bu dövlətimizin, ölkə prezidentinin həyata
keçirdiyi humanitar siyasətin tərkib hissəsidir. Eyni zamanda
Heydər Əliyev Fondu da amnitsiya ilə bağlı təklif ilə çıxış edib.
Bu da Milli Məclisdə çox hörmət ilə qarşılanıb və bu addım atılıb.
Obdusman da ömürlük məhbusların müraciətini Milli Məclisə göndərib.
Əlbəttə, buna baxmaq olar. Əgər müəyyən kriteyaları, meyarları
aşmırsa, əlavə problemlər yaratmırsa, buna baxmaq və qəbul
etmək olar".
Millət vəkili Çingiz Qənizadə məsələ ilə bağlı Mövqe.Az saytına
açıqlamasında aşağıdakıları bildirib: "Bütün ömürlük həbs cəzası
almış şəxslərin cəzalarının dəyişdirilməsi ilə bağlı Ombudusman
belə bir müraciət edə bilməz. Çünki ömürlük həbsə məhkum edilmiş
şəxslər arasına layiqli cəza alanlar da var. 2000-ci ilə qədər
həbsdə olmuş və ömürlük həbs cəzası almış məhbusların cəzasının
azaldılmasından söhbət gedə bilər. Bununla bağlı müzakirələr
aparılsa, orada öz fikrimi deyərəm ki, 2000-ci ilə qədər həbs
olunmuş və ömürlük cəza almış məhbusların cəzası dəyişdirilməlidir.
Ömürlük həbs cəzası dəyişdirilərək 15 il ilə əvəzlənməlidir."