Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac həcminin azalması gözlənir
21 Noyabr 2012 16:39 (UTC+04:00)
Məlumat verildyi kimi Rusiya paytaxtında azərbaycanlıların da
işlədiyi xeli sayda bazar və yarmarkaların bağlanması nəzərdə
tutulur. Xatırladaq ki, ölkəmizdən kənd təsərrüfaıt məhsullarını
bir qismi bilvasitə həmin bazarlara daşınırdı. Bəs bazarların
bağlanması Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya
ixrac həcmini azalda bilərmi?
Kənd Təsərrüfatı Nazirliyi Aqrar islahatlar, kənd ərazilərinin və
sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məsələ ilə
əlaqədar Mövqe.Az saytına açıqlamasında bildirib: "Ümumiyyətlə,
Rusiyada bazarların bağlanması Azərbaycanın ixrac məhsullarına
müəyyən qədər təsir göstərə bilər. İxrac həcmini azalda bilər.
Digər tərəfdən bizim bir çox məhsullarımız, məsələn şimal
bölgəsindən meyvə-tərəvəzin ixracında Rusiya gömrüyündə müəyyən
qədər çətinliklər yaranıb. Lakin bunun aqrar sahənin inkişafında
çox da böyük təsiri olmayacaq. Çünki bizim prezidentimiz də
dəfələrlə deyib, tapşırıqlar verib ki, biz yeni bazarlar
axtarmalıyıq, yeni bazarlara öz keyfiyyətli məhsullarımızı təqdim
etməliyik. İndi bizim məhsullarımız xarici ölkələrin əksəriyyətinə
ixrac olunur. Xüsusən də meyvə-tərəvəzimiz Avropa ölkələrinə, Böyük
Britaniyaya ixrac edilir.
Rusiyada bazarların bağlanması məhsulların ixracına ilk başda
müəyyən qədər təsir göstərsə də, bu vəziyyət sonradan öz həllini
tapacaq. Bizim məhsulların keyfiyyəti bir çox ölkələrdə istehsal
olunan məhsulun keyfiyyətindən xeyli dərəcədə yüksəkdir. Bizdə
məhsulların yetişdirilməsində, qablaşdırılmasında kimyəvi
maddələrdən istifadə edilmir. Təbii olaraq belə keyfiyyətli
məhsullar xarici bazarlarda öz layiqli yerini tapır".
Ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı üçün daha hansı
ölkələr məqbul sayıla bilər?
Bu məsələyə fikir bildirən İslam İbrahimov Avropa və Yaxın
Şərq ölkələrinin məqbul sayıla biləcəyini dedi: "Bizim məhsullar
təkcə Rusiya bazarlarına deyil, həm də Avropa bazarlarına ixrac
olunur. Bizim bir çox ölkələrlə ikitərəfli əlaqələrimiz var. Bu
əlaqələr getdikcə də inkişaf etdirilir. Xüsusən Avropa ölkələrində,
Almaniyada, Fransada, Yaxın Şərq ölkələrində də bizim
məhsullar öz yerini tapır. Bu ölkələrə məhsullarımız ixrac edilir
və ticarətin daha da genişləndirilməsi üçün həmin ölkələr məqbul
sayılır. Bizim güclü təsirə malik olan məhsullarımız var ki, o
məhsular öz alıcısı tərəfindən həmişə böyük rəğbətlə
qarşılanır.
Şimal qonşumuzdakı bazarlarla bağlı qərar isə müəyyən qədər
Rusiyanın özünə də təsir edəcək. Rusiya bazarlarında Azərbaycan
məhsullarının azalması Rusiyada satılan məhsulların qiymətinə də
təsir göstərə bilər."