Kiçik pay torpaqlarının birləşməsi ləngiyir

11 Fevral 2016 08:00 (UTC+04:00)

Azərbaycanda kiçik pay torpaqlarının birləşdirilməsi uzun müddətdir ki, gündəmdədir. Artıq bir neçə ildir ki, belə pay torpaqlarının kooperasiyalarda birləşdirilməsi vacibliyi vurğulanır. Bunda da məqsəd təsərrüfatların məhsuldarlığının artırılmasına, onların xərclərinin azaldılmasına nail olmaqdan ibarətdir. Kiçik təsərrüfatların böyük kooperasiyalarda birləşdirilməsi məsələsi dünya ölkələrində çoxdan təcrübədən keçirilib, özü də uğurla. Məhz bu amil Azərbaycanı da bu istiqamətdə addım atmağa həvəsləndirib. Lakin nədənsə Azərbaycanda bu proses ləngiyir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, əsas məsələ olaraq torpaqdan səmərəli istifadə istiqamətində fəaliyyət göstərmək lazımdır, nəinki kiçik təsərrüfatların böyük birliklərdə birləşməsi istiqamətində: "Düşünürəm ki, əslində, Azərbaycanda çoxlu sayda kiçik torpaqlardan daha səmərəli istifadə etmək olar, nəinki onların birləşdirilməsi yolu ilə. Azərbaycanın torpaq, iqlim şəraiti imkan verir ki, ildə 3-4 dəfə əkin işləri aparılsın. Bu da həmin torpaqlardan dahə səmərəli istifadə üçün geniş imkan deməkdir. İstixana şəraitində, örtüklərdən istifadə etmək şərtilə daha erkən kənd təsərrüfatı məhsulu istehsal etmək mümkündür.

Kolxoz, sovxoz dövründə də torpaqlar birləşmişdi. Amma o zaman da birləşmiş torpaqdan səmərəli istifadə etmək mümkün olmadı. Deməli, burada əsas məsələ torpaqlaqrın birləşməsi və yaxud da onun kiçik pay torpaqlarından ibarət olmasında deyil. Əsas məsələ torpaqdan səmərəli istifadə etməkdir. Məhz bu səmərəliliyi təmin etmək gərəkdir. Bunun üçün məhsuldarlığın artırılması, bazarın fermerlər üçün əlçatan olması istiqamətində daha çox çalışmaq lazımdır".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, kiçik pay torpaqlarının iri təsərrüfatlarda birləşməsi prosesinin ləngiməsi əhali arasında bu müstəvidə çaşqınlıqla əlaqədardır: "Azərbaycanda hər nəfərə 0,18 hektar əkin sahəsi düşür. Bu səbəbdən də ölkəmizdə torpaqların özəlləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə çox az torpaq sahəsi düşdü. Ona görə də ölkədə əhalinin 75 faizi torpaqları çox az, 1-1,5 hektardan artıq olmayan pay torpaqçılarından ibarətdir. Bu torpaq sahələri kiçik olduğundan ev təsərrüfat başçıları bilmir ki, həmin torpaqlarda hansı məhsulu əkməyə üstünlük versinlər. Kiçik torpaq sahələri sahibləri məhsulun əkilməsi, yetişdirilməsi və yığımı zamanı mexanikanı, taxıl yığmaq üçün kombaynları tətbiq etməkdə də çətinlik çəkirlər. Bəzi yerlərdə hətta əkilən taxılı oraqla da biçirlər. Çünki imkansızlıq üzündən onun başqa çıxış yolu da yoxdur. Bu da onu göstərir ki, kiçik həcmli torparlarda mexanikləşdirmə və intensivləşdirmə tədbirləri həyata keçirmək mümkünsüzdür. Məhz bu prosesin həlli üçün kooperasiya haqqında qanun hazırlanır.

Güman edirəm ki, cari ilin ikinci yarısında həmin qanun qəbul ediləcək. Həmin qanunun qəbulundan sonra kiçik pay torpaqlarına sahib olanlar könüllü şəkildə kooperasiyalara daxil olacaqlarsa, iri massivlər əmələ gələcək. Bu iri massivlərin müsbət cəhəti odur ki, burada texnikanın geniş tətbiqi mümkün olacaq. Xəstəliklərə qarşı mübarizə üçün ciddi tədbirlər həyata keçirmək mümkün olacaq. Ancaq kiçik pay torpaqlarında onun sahibləri həmin addımları ata bilmirlər. Ona görə də kiçik pay torpaqlarının birləşərək kooperativlər yaratması çox vacibdir. Bu istiqamətdə dünyada da müsbət təcrübələr var. Almaniya, Polşa, Rumıniyada kooperativlərin böyük rolu vardır. Belə təsərrüfatlarda yüksək məhsuldarlıq və gəlir əldə etmək mümkün olur. Ona görə bir mütəxəssis olaraq ölkəmizdə də kiçik torpaqların birləşdirilməsini vacib sayıram.

Kiçik pay torpaqlarının isə heç bir faydası yoxdur, onsuz da onlar bundan səmərəli istifadə edə bilmirlər. Hətta əksər hallarda bu torpaqlar istifadəsiz qalır. Bu günə qədər kiçik pay torpaqlarının iri təsərrüfatlarda birləşməsi prosesinin ləngiməsi insanlarda yaşanan narahatlıq hissilə əlaqədardır. Onlar düşünürlər ki, guya həmin torpaqların birləşərək kooperasiyaların yaradılması kolxoz quruluşuna qayıtmaq deməkdir. Məhz bu qorxu elementi onların birləşməsinə əngəl olur. Bu qorxu hissini aradan qaldırmaq üçün kooperativlərin üstün cəhətləri əyani şəkildə insanlara izah edilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri yerlərə gedərək, adamlar arasında geniş təbliğat işləri aparmalıdır ki, onlar keçmişdən miras qalmış bu steoreotipdən xilas ola bilsinlər. Yəni, inam yaratmaq yolu ilə insanları kooperativlərin üstün cəhətə malik olduğuna inandırmaq olar. İndilikdə məhz insanlar arasında izahat işləri aparılmadığından əhali də kooperativlərin yaradılmasına getməkdə maraqlı deyillər".