AŞPA-dakı iki Qarabağ qətnaməsi arasındakı fərq və növbəti mərhələ…

12 Fevral 2016 11:07 (UTC+04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv olduğu müddətdə Dağlıq Qarabağ və işğal altındakı ərazilərlə bağlı 2 qətnamə qəbul olunub. Birinci qətnamə 2005-ci ildə, ikinci qətnamə isə bu ilin yanvar ayında qəbul olunub. "İşğal altındakl torpaqlarda zorakılıq halları" ilə bağlı qətnamənin qəbuluna isə cəmi 4 səs çatmadı ki, bu da AŞPA çərçivəsində Dağlıq Qarabağla bağlı 3-cü ciddi sənəd ola bilərdi.Bu qətnamələrin hazırlanmasında və qəbulunda heç bir rolu olmayan Xarici İşlər Nazirliyi eyni gündə iki qətnamənin səsverməyə çıxarılmasını Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səhvi kimi dəyələndirdi. Əslində isə iki qətnamənin eyni gündə səsverməyə çıxarılması düzgün gediş idi. Çinki Dağlıq Qarabağla bağlı birinci qətnaməyə səs verməyən avropalı deputatlar eyni gündə ikinci qətnaməni qulaqardına vura bilməzdilər, əks halda bu açıq-aşkar ermənipərəst mövqe olardı. Ona görə də qətnamələrdən birinə səs vermək məcburiyyətində idilər. Yox əgər hər iki qətnamə XİN-nin "məsləhəti" kimi müxtəlif zaman kəsiyində və ya müxtəlif sessiyalarda səsverməyə çıxarılsaydı, bu halda hər iki sənədin qəbul olunmaması risqi artardı. Bəzən 2005-ci ildəki qətnamə ilə 2016-cı ilin yanvar ayında qəbul olunan qətnamənin oxşar olduğu haqqında fikirlər də söylənir. Bu belə deyil. Bu il qəbul olunan qətnamə konkretliyinə görə 2005-ci ildə qəbul olunan qətnamədən keyfiyyətcə fərqlənir. Məsələn 1416 (2005) saylı qətnamədəki bəzi müddəalara diqqət yetirək:

a) Qətnamənin 1-ci paraqrafın sonunda deyilir: "Erməni qüvvələri tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ regionunu nəzarətdə saxlayır". Bu ifadə forması Dağlıq Qarabağa Ermənistanın deyil, "separatçı" qüvvələrin nəzarət etdiyini göstərir;

b) 9-cu paraqrafda deyilir: "Assambleya Azərbaycan hökumətini bölgənin gələcək statusu ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə qeyd-şərtsiz əlaqə qurmağa çağırır". Bununla AŞPA 2005-ci il qətnaməsində Azərbaycanı rəsmi olaraq separatçıların "siyasi nümayəndələri" ilə də əlaqə qurmağa, onlarla "bölgənin gələcək statusunu" müzakirə etməyə və bunu "qeyd-şərtsiz" etməyə çağırır. Bu, açıq-aydın Azərbaycanın maraqlarına ziddir, çünki belə "əlaqə" separatçı qurumun de-fakto tanınmasına gətirib çıxarır;

c) 10-cu paraqrafda deyilir: "... etnik ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan qovulması". Bu ifadə forması "etnik təmizləmə" iddialarında hər iki tərəfin bərabər məsuliyyətini vurğulayır, halbuki məcburi yerdəyişmələrə məruz qalmış insanların böyük əksəriyyəti açıq-aydın Ermənistanın silahlı təcavüzündən sonra qovulmuş azərbaycanlılardır.

İndi isə 2085 (2016) saylı "Azərbaycanın sərhədyanı bölgələrinini sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamənin mühüm məqamlarına diqqət yetirək:

- Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanıb;

- Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib;

- Azərbaycana aid və Ermənistanın işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb;

- Təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənib, "qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" hesab edilib;

- Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yanız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb olunub;

Beləliklə, AŞPA 2085 (2016) saylı qətnaməni qəbul etməklə Sərsəngdə səbəb ola biləcək humanitar fəlakətin məsuliyyətini TAMAMƏN rəsmi Ermənistan dövlətinin üzərinə qoyub. Eyni zamanda AŞPA bu sənəddə Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini məhz Ermənistan dövləti tərəfindən işğalını aydın şəkildə bəyan edib, bununla da Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini mümkünsüz edir. Çünki bu qətnaməyə qədər Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanın Dağlıq Qarabağla "razılaşması" fikrində israr edir və bu çağırış bəzən bir qisim AŞPA deputatı tərəfindən məqbul sayılırdı. Hazırki qətnamə ilə isə AŞPA birmənalı göstərir ki, münaqişə tərəfi mifik "Dağlıq Qarabağ Respublikası" yox, məhz torpaqlarımızı işğal edən Ermənistandır və torpaqları da məhz bu dövlət boşaltmalıdır. 

Növbəti mərhələ "Azərbaycanın sərhədyanı bölgələrinini sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnaməsinin işlək mexanizmə çevrilməsinə nail olmaqdır. Əks halda bu qətnamə kağız üzərində qalacaq və bir az sonra unudulacaq. AŞPA mexanizmlərinə görə qətnamələr qurumun Nazirlər Şurasının müzakirəsinə çıxarılır və daha sonra qətnamənin icrası üçün sənəddə adları çəkilən dövlətlərlə iş başlanılır. Bu nəzəri olaraq belədir. 

Qətnamədəki bəndlərin reallaşması üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə XİN-nin praktik dəstəyi lazımdır. Onsuz da AŞPA-dakı deputatlar üzərlərinə düşən vəzifəni yerinə yetiriblər, qətnamənin mətni hazırlanıb, sənədin qəbulu üçün müxtəlif dövlətlərdə uzun müddət lobbi fəaliyyəti həyata keçirilib və son nəticədə sənəd səs çoxluğu ilə qəbul olunub. İndi növbə Xarici İşlər Nazirliyinə və Avropa Şurasındakı səfirinə çatıb ki, qətnamənin beynəlxalq qurumun icra strukturları tərəfindən həyata keçirilməsi üçün əməli fəaliyyətə başlamalıdırlar.