Həmsədrlərdən Minsk qrupuna böyük zərbə

13 Fevral 2016 09:45 (UTC+04:00)

İsveçin xarici işlər naziri Marqot Vallström Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu ölkələrinin daha geniş formatda görüşünün keçirilməsi mümkünlüyündən danışıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 13 ölkədən ibarətdir. Hansı ki, burada Minsk qrupu həmsədr ölkələrindən olan ABŞ, Fransa və Rusiyadan başqa, qardaş Türkiyə, elə İsveçin özü də təmsil olunur. Minsk qrupunun 3 həmsədr ölkəsinin isə münaqişənin həlli istiqamətində fəaliyyəti sıfıra bərabərdir. Maraqlıdır, belə bir görüşün baş tutması mümkündürmü və bu baş tutarsa, həll prosesinə nə vəd edir?

Politoloq Elşən Manafov güman etmir ki, indiki situasiyada Minsk qrupunun tam tərkibdə toplanaraq konfliktin həll istiqamətini araması ilə problem öz həllini tapacaq: "ATƏT-in Minsk qrupu bildiyiniz kimi ancaq 3 həmsədr ölkədən ibarət deyil. Burada 13 ölkə, o cümlədən Türkiyə də təmsil olunur. İsveçin özü də Minsk qrupunda təmsil olunan ölkələrdən biridir, amma məsələ ondadır ki, problemin öz həllini tapması ilə bağlı məsələlər həmsədrlərə tapşırılıb. Burada da 1997-ci ildən bəri ABŞ, Fransa və Rusiya təmsil olunur. İlk baxışda bu daha çox optimal variant idi. Bölgədə maraqları olan geosiyasi güc mərkəzləri təbii ki, ABŞ, Avropa Birliyi və Rusiyadır. Amma Fransa nə dərəcəsə bu danışıqlarda Avropa Birliyini təmsil edə bilər, bu, məsələnin başqa tərəfidir. Bildiyiniz kimi, Avropa Birliyinin aparıcı dövləti qismində Fransadan daha çox Almaniya çıxış edir. Güman edilirdi ki, problemin tənzimlənməsi Avropa Şurası Parlament Assambleyasına tapşırılsaydı, daha yaxşı olardı.

Amma bu səpkili təkliflərimizə AŞPA, istər Avropa Birliyi, istərsə də ATƏT və BMT-nin özü tərəfindən belə bir mövqe sərgilənib ki, münaqişənin tənzimlənməsi üçün mandat Minsk qrupuna həvalə edilib. Ona görə də güman etmirəm ki, ATƏT-in Minsk qrupunun tam həcmdə danışıqlara qoşulması ilə belə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması istiqamətində hansısa uğura imza ata biləcəyik. Çünki, ATƏT-də qərarlar konsensus yolu ilə qəbul olunur. Ümumiyyətlə, ATƏT kimi təsisatların bu səpkili münaqişələri həll etmək üçün kifayət qədər mexanizmləri yoxdur. 1975-ci ildə təsis olunan bu təşkilatın konfliktlər müstəvisində hansısa bir problemi bu günə qədər həll etdiklərini müşahidə etməmişik. Bu səbəbdən Minsk qrupu tam həcmdə danışıqlarda təmsil olunsa da, burada hansısa uğura imza ata bilinəcəyini güman etmirəm. Problemin çözümünü BMT çərçivəsinə qaytarsaq, daha yaxşı olar. Bu qurumun münaqişənin tənzimlənməsi istiqamətində 4 qətnaməsi var. ATƏT-in Minsk qrupunun isə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsinə ən yüksək səviyyədə, yəni Azərbaycan Prezidentinin özü tərəfindən münasibət bildirilib. ATƏT ikili standartlardan çıxış edib, münaqişənin tənzimlənməsilə bağlı məsələlərə optimal variantdan yanaşmır. ATƏT-in mövqeyi odur ki, tərəflər özləri öz aralarında razılığa gəlsinlər. Onda Minsk qrupu nə məqsədlə təsis edilib?"

Politoloq Natiq Miri isə Minsk qrupu üzvlərinin tam tərkibdə toplantısının keçirilməsinin həmsədr ölkələrə öz təsirini göstərəcəyi qənaətindədir: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu ölkələrinin daha geniş formatda görüşünün keçirilməsi Azərbaycanın istəyidir. ATƏT-in Parlament Assambleyasının növbəti toplantısında Azərbaycan nümayəndə heyəti Minsk konfransının çağırılması təşəbbüsü ilə çıxış etmək istəyir. İsveç də həmin Minsk konfransının üzvlərindən biridir. Düşünürəm ki, görüşlərin bu formatda keçirilməsi çox əhəmiyyətli olardı. O baxımdan ki, Minsk qrupunun 24 illik fəaliyyəti ciddi surətdə araşdırılmalı və həmsədr dövlətlərindən hesabat istənilməli, bugünkü sıfır nəticənin səbəbləri ortaya qoyulmalıdır. Çünki, BMT ATƏT-in Minsk qrupuna mandat verəndə ortada BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri var idi. Həmin qətnamələrə əsasən də Ermənistanın işğalçı ordusu Azərbaycanın işğal etdiyi ərazilərindən qeyd-şərtsiz çıxmalı idi. Bu, həm də beynəlxalq hüququn gərəyi olaraq ortada var.

Hüquqi prosedurlar olarkən hələ də Ermənistan işğalçıları torpaqlarımızı qanunsuz olaraq öz nəzarətləri altında saxlamaqda davam edir. Niyə bu fonda ATƏT-in Minsk qrupu Ermənistan işğal qüvvələrini hələ də Azərbaycan ərazisindən çıxarmayıb? 24 illik fəaliyyət dönəmində hər hansı müsbət nəticənin əldə olunmaması qarşılıqlı etimadsızlıq mühiti yaradır. Azərbaycan zərər çəkən tərəf olaraq, Minsk qrupuna etimad göstərmirsə, deməli, buradakı həmsədr dövlətlərin fəaliyyəti kölgə altına düşmüş olur.

Belədə prosesə dinamika gətirmək üçün mütləq mənada Minsk qrupu həmsədr dövlətləri deyil, bütövlükdə Minsk konfransı üzvlərinin birgə toplantısının çağırılmalı və burada ortaya yeni təkliflər qoymalıdırlar. Ən azından ATƏT-in indiki sədri Almaniya və Türkiyənin həmsədrliyə gətirilməsi məsələsi qaldırıla bilər. Ya da ABŞ Avropa məkanı ölkəsi olmadığından onun həmsədrlikdən çıxarılması məsələsi gündəmə gətirilər və region, Avropa ölkələrinin iştirakı ilə "4", "5", "6"lıq formatında yeni bir format ortalığa qoyula bilər. Yəni, Minsk qrupu üçlüyünə mütləq mənada alternativlər olmalıdır ki, proses onun inhisarından çıxarılsın. İndiki yanaşma ilə isə problemin həllini irəli aparmaq mümkün olmayacaq. O baxımdan düşünürəm ki, İsveç xarici işlər nazirinin irəli sürdüyü təklif Azərbaycan hakimiyyətinin gündəmə gətirdiyi məsələ ilə üst-üstə düşür. Hesab edirəm ki, Minsk qrupunun tam tərkibdə toplanması fonunda konfransın çağırılması həmsədrlərə öz təsirini göstərəcək".