Ötən il məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 263 məhkəmə prosesi keçirilib. Bu barədə Movqe.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məlumat verib. E. Qədimov bildirib ki, ölkə başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında cari ildə məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 263 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak edibdir. E. Qədimovun sözlərinə görə, ümumiyyətlə ötən il Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 65 mindən artıq yazılı müraciətə baxılıb, 18 min nəfər qəbul edilib və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilibdir.