Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Türkiyə prezidenti Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Qeyd edək ki, Suriyada rus hərbi təyyarəsinin vurulmasından üzü bəri Moskva ilə Ankara arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Son günlər isə bu gərginlik yeni bir fazaya daxil olmaq üzrədir. Azərbaycana gəldikdə, aparıcı dövlətlərdən hər biri çalışır ki, Bakı bölgədə cərəyan edən son proseslərdə məhz onların tərəfində olsun. Bunu bir tərəfdən həm Rusiya, digər tərəfdən də qardaş Türkiyə ilə Qərb də istəyir. Belə bir vəziyyətdə Ərdoğan Bakıya gələrək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılacaq. Aydındır ki, burada regionda yaranmış vəziyyət də müzakirə olunacaq. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, qardaş ölkədir. Rusiya isə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir, son illər bu münasibətlərdə əhəmiyyətli məsafə qət edilib. Qeyd etmək lazımdır ki, Rusiya ilə Türkiyə arasında qarşıdurma yarananda Bakı mümkün qədər münaqişə tərəflərindən məsafə saxlamağa çalışdı. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçilik etməyə də hazırdır. Çünki Rusiya ilə Türkiyənin münasibətlərinin gərgin olması Azərbaycan üçün geosiyasi baxımdan qətiyyən məqbul deyil. Rusiyadakı MDB İnsitutunun direktor müavini, politoloq Vladimir Jarixin "Moskva-Baku" portalına müsahibəsində Azərbaycan-Rusiya münasibətləri və Ərdoğanın gözlənilən səfəri haqda danışıb. Onun fikrincə, Azərbaycan Rusiyanı hər şeydən əvvəl Ermənistanla danışıqlarda vasitəçi kimi nəzərdən keçirdiyindən bu əlaqə imkanını itirmək istəməzdi: "Mən həm ata Əliyevin, həm oğlunun təcrübəsi, müdrikliyi əsasında mühakimə yürüdürəm. Əliyevlər o dərəcədə ağıllı siyasətçilərdir ki, tamailə düzgün deyirlər və edirlər: bütün yumurtaları eyni səbətə qoymaq olmaz. Onlar çoxvektorlu siyasət aparırlar bu da uzun illərdir Azərbaycana imkan verir ki, həm Qərblə, həm Rusiya ilə əməkdaşlıq etsin. Neçə illərdir deyirlər ki, Rusiya Azərbaycanı müttəfiq kimi itirir. Ancaq gördüyümüz kimi hələ itirməyib. İlham Əliyev atasının layiqli oğludur, o, balanslaşdırmağı, öz siyasətini aparmağı bacarır. Situasiya əlbətdə ki, sadə deyil, vəziyyət sürətlə dəyişir. Lakin cənab Əliyev mümkün olduğu qədər hər hansı koalisiyadan çəkinəcək. Mən isə hesab edirəm ki, Azərbaycan lideri siyasətçi kimi o qədər müdrikdir ki, bütün yaxşı sözləri deyəcək, ancaq özünə seçim imkanı da qoyacaq. Və düz də edəcək". Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev Türkiyə ilə Azərbaycan arasında sözügedən görüşə münasibət bildirərək qeyd etdi ki, Azərbaycan milli maraqlarını rəhbər tutaraq bütün ölkələrlə aktual məsələləri müzakirə etməyə həmişə hazırdır: "Birincisi onu deyim ki, Ərdoğanın bu səfəri ətrafında ajiotaj yaradılmasının tərəfdarı deyiləm. Azərbaycan Türkiyə ilə qardaş dövlətdir. Bakı ilə Ankara Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirirlər. Bu, həm Türkiyənin, həm də ölkəmizin marağındadır. Bir-birinə müttəfiq olan dövlətlər belə formatlardan çox yaxşı istifadə edirlər. Lazım olanda da aktual məsələlərin müzakirəsini aparırlar. İndiki şəraitdə region sanki qaynayır. Burada cərəyan edən prosesin əsas iştirakçıları da region ölkələri deyil. Burada qarşıdurma əsasən Qərb koalisiyası ilə Rusiya arasında gedir. Amma başda Türkiyə olmaqla region dövlətləri də çoxsaylı problemlərlə üz-üzədir. Bu dövlətlərin hər birilə də Azərbaycanın yaxşı münasibətləri vardır. Azərbaycan bu qarşıdurmadakı istənilən gərginləşmənin əleyhinədir. Təbii ki, burada bizim də deməyə sözümüz var. Belə görüşlərdə də adətən ikitərəfli münasibətlər ön plana çıxır. Azərbaycanı maraqlandıran və Türkiyə üçün aktual olan məsələlər məhz bura daxildir. Bir də ki, bu cür münasibətlərdə heç də bütün məsələlər üzə çıxmır ki!. Dövlət təhlükəsizliyi, münasibətlərdə müəyyən məsələlər var ki, onların hamısına necə lazımdır, o cür münasibət bildirilməlidir. Neçə illərdir Azərbaycan seçim qarşısındadır, o, öz seçimini etməlidir, ölkəmiz o tərəfə, yaxud da bu tərəfə gedəcək kimi səslənən fikirlərin mənası yoxdur. Qərbdə, yaxud da Rusiyada bir nəfər bir şey yazan kimi başlayırlar onu çək-çevir etməyə. Azərbaycan heç bir tərəfə getmir, ancaq öz marağı arxasınca gedir. Azərbaycanın marağı, milli mənafeyi hardadır, o tərəfə də gedir. Bu maraqlar Rusiya, Türkiyə, ərəb regionu ölkələri, İranla və Qərblə münasibətlərdə də vardır. Harda maraqlarımız var, o maraqların təmini istiqamətində də konkret işlər görülür. Digər tərəfdən, gərginlik və müharibə şəraiti, onun nəticələrinin aradan qaldırılması üçün Azərbaycan ötən illər ərzində də həmişə öz sözünü deyib. İmkan çərçivəsində həmişə sülhə və əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən addımlar atırıq. Türkiyə ilə münasibətlərdə indiki şəraitdə hansısa aktual məsələlər varsa, onlar da müzakirə olunacaq. Bu da iki qardaş ölkənin təhlükəsizliyi,regiondakı təklükəsizlik məsələlərilə bağlıdır. Habelə, Dağlıq Qarabağda erməni işğalının aradan qaldırılmamış nəticələrilə bağlı vəziyyətlə əlaqəli ola bilər, xüsusən indiki şəraitdə iqtisadi və enerji əməkdaşlığı kimi məsələlər ön plandadır. Bunlar hamısı hər bir dövlətin maraqları çərçivəsində nəzərdən keçirilə bilər. Hər bir mənada hesab edirəm ki, həmin görüş çox əhəmiyyətli bir tədbir olacaq. Onu da əlavə edim ki, bu səfəri regiondan kənar dövlətlər də izləyir. Türkiyə prezidentinin ölkəmizə səfəri, qarşıda İrana da səfərin planlaşdırıldığı barədə KİV-də informasiyalar gedir. Bu dövlətlər bizim əhatəmizdədir, yaxın qonşularıq. İndiki dövrün təhdidləri, çağırışları şəraitində Azərbaycan ilk növbədə özünün milli maraqlarını rəhbər tutaraq, qonşu, dost, qardaş dövlətlərlə münasibətlərində aktual məsələləri onlarla bərabər nəzərdən keçirməyə hazırdır".