Misirdə “Afrika-2016” investisiya forumu başlanıb

20 Fevral 2016 21:30 (UTC+04:00)

Misirin Şarm-əl-Şeyx şəhərində "Afrika-2016" investisiya forumu başlanıb. Afrika İttifaqı Komissiyasının himayəsi ilə Misir hökuməti və "COMESA" Afrika iqtisadi təşkilatı tərəfindən keçirilən bu tədbir iki gün davam edəcək. Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, forumun işində Afrika ölkələrindən gəlmiş 1500-dən çox qonaq, o cümlədən Misir, Sudan, Nigeriya, Qabon, Toqo və Ekvatorial Qvineyanın dövlət başçıları, Efiopiyanın baş naziri, nazirlər, regional və beynəlxalq iqtisadi təşkilatların, işgüzar dairələrin nümayəndələri iştirak edir. Forumun məqsədi ticari əlaqələri möhkəmlətmək və Afrika qitəsinə investisiyalar cəlb etməkdir.Misir Prezidenti Əbdülfəttah əc-Sisi forumun açılışı mərasimindəki çıxışında qeyd edib ki, bu tədbir qitə ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi və Afrika ölkələrinin investisiya imkanlarına, müvafiq resurslara diqqət yönəldilməsi üçün böyük əhəmiyyət kəsb edir. Misir prezidenti qeyd edib ki, Afrika regionunun gələcəkdə hərtərəfli inkişaf etməsi üçün dünyanın başqa ölkələri ilə birbaşa və səmərəli kommunikasiya kanallarının yaradılması zəruridir. Prezident xüsusi vurğulayıb ki, Misir şirkətlərinin Afrika bazarlarına investisiyalarının həcmi 8 milyard dollara çatıb, Afrika ölkələri ilə Misir arasında ticarətin həcmi 5 milyard dolları aşıb. Yaxın beş ildə Misir bu həcmi ikiqat artırmaq niyyətindədir. Prezident Əbdülfəttah əc-Sisi daha sonra deyib ki, Misirin investisiyaları infrastruktur obyektlərinin tikintisi, energetika və kənd təsərrüfatı, filizçıxarma, rabitə və informasiya texnologiyaları sahələrində və digər sferalarda on minlərlə iş yeri açmağa imkan verib.