Paytaxtdan regionlara başlanan böyük köç

23 Fevral 2016 09:15 (UTC+04:00)

Azərbaycanda deurbanizasiya prosesi başlayıb. 1990 - 2000-ci illərdə Azərbaycanın regionlarından Bakıya köç başlamışdısa, indi paytaxtdan kəndlərə qayıdış müşahidə edilir. Geri qayıdanların sayı xüsusilə cənub və qərb regionlarında daha çoxdur. Bölgədə bərpa edilməyə başlayan çay plantasiyalarında və tərəvəz sahələrində də işləyənlər az deyil. Bəziləri isə rayonlardakı ticarət obyektlərində iş tapmağa çalışırlar. Rayon rəhbərlikləri isə paytaxdan dönənlərin kənd təsərrüfatında işləməsi üçün şərait yaratmağa çalışır. Eyni proses qərb rayonlarında da müşahidə edilir. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, Bakıdan kəndlərə böyük köçün baş verməsi bir halda mümkün idi: "İllərdir, iş dalınca şəhərə gəlmiş insanlara kənd yerində əkinçilik və heyvandarlıqla məşğul olmaq üçün münbit şərait yaradılmalı idi. Bu bir kəlmə "münbit şərait yaradılması" sözünün arxasında hökumət tərəfindən görülməsi zəruri olan çox mühüm işlər dayanır. Bu işləri görmədən kəndlini şəhərdəki bir qədər asan yaşam həyat tərzindən ayırıb yenidən kəndə göndərmək mümkün olmazdı. Bu gün hökumətin ölkədə bütövlükdə sahibkarlığın inkişafı, o cümlədən yerlərdə aqrar sektorun inkişafı yolunda atdığı qətiyyətli addımlar deməyə əsas verir ki, son zamanlarda şəhərlərdən kəndlərə başlamış qayıdış az sonra kütləvi xarakter ala biləcək. Bu proses, eyni zamanda, dövlət başçısının aqrar sahənin inkişafı üçün müəyyən etdiyi strategiyanın reallaşmaga başlanması deməkdir. Torpaqla bağlı bir insanın əkmək, becərmək və becərdiyi məhsulu maneəsiz satıb müəyyən qazanc əldə etmək inkanları olduqda onu çətin ki, şəhərdə saxlamaq mümkün olsun. Bu işdə bütün səviyyədən olan mərkəzi və yerli icra hakimiyyəti orqanları ölkənin aqrar sektorunda əsaslı dönüşün baş verməsi yolunda öz səylərini ortaya qoymalıdırlar. Bir qədər obrazlı desək, hər bir məmur bilməlidir ki, bu işdə heç bir formallığa yol vermək olmaz. Məsələn, deyək ki, bu gün hər hansı bir məhsulun istehsalı üçün bir neçə maneə mövcuddur. Əgər biz o maneələrin hamısını aradan qaldırıb, birini açıq saxlasaq, onda bilməliyik ki, problem bütövlükdə həll olunmamış qalacaq. Məsələn, əgər kəndli məhsulu çətinlik çəkmədən istehsal edir, lakin onun satışında hər hansı bir problemlə üz-üzə qalırsa, deməli, problem bütövlükdə həll olunmayıb və növbəti il o, bu məhsulu təkrar əkməyəcək. Ona görə də bu məsələnin uğurlu həlli ona kompleks yanaşmaqdan keçir". Professor əlavə etdi ki, kəndlərə böyük qayıdış yeni iş yerlərinin açılması, məhsul bolluğu, ixrac potensialının genişləndirilməsi, ölkəyə valyuta axınının təmin edilməsi, iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, büdcəyə əlavə vəsaitlərin daxil olması və regionların tədricən dotasiyadan çıxarılması deməkdir: "Kəndə böyük qayıdışla baş verəcək bu pozitiv məqamların siyahısını bir qədər də genişləndirmək olar. Bu qayıdış çox məsələlərin həllinə səbəb olacaq. Elə bu səbəbdəndir ki, bir qədər öncə Prezident İlham Əliyev təkcə 2015-ci ilin deyil, 2016-cı ilin və bundan sonra gələcək illərin hər birinin kənd təsərrüfatı ili olacağını bəyan etdi. Bu onun aqrar sektorun inkişafına verdiyi önəmin bariz nümunəsidir".