Neft bazarında müəammalı vəziyyət

24 Fevral 2016 10:22 (UTC+04:00)

Belə iddialar səslənir ki, dünya bazarında neft üzrə təkliflər tələbi üstələyir. Yəni, bazara tələb olunandan artıq neft çıxarılır. Amma bu halın baş verməsi fonunda neftin qiymətində enmələr baş verməlidir. Hazırda isə buna əks proses gedir. Az da olsa "qara qızıl"ın qiymətində bahalaşma var. İndi bir barrel neft 34-35 dollar arasında dəyişir. Maraqlıdır, təklif tələbi üstələyirsə, onda neftin qiyməti niyə artır? Belə deyilsə, bu halda neftin qiymətini dəyişdirən səbəblər hansılardır?. Neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, son dövrlər neftin qiymətində baş verən müəyyən qalxmalar birbaşa fundamental bazar qanunları ilə bağlı deyil: "Son zamanlar beynəlxalq neft bazarları istənilən səviyyədə səslənən bəyanatlara da bir növ həssas olub. Belə ki, Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela, Qətərin beynəlxalq neft bazarında tarazlığın bərqərar olması istiqamətində apardıqları daşınıqlar qiymət məsələsinə təsir edib. Bilirsiniz ki, bu danışıqlar ilk olaraq Dohada Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin iştirakı ilə baş tutdu. İkinci anoloji görüş isə Tehranda oldu.  Burada İran, İraq və Qətər təmsilçiləri görüşdülər. Bu görüşlər nəticəsində ortaya ümumi bir fikir qoyuldu ki,  neft hasilatını yanvar ayındakı sutkalıq hasilat səviyyəsində saxlanılsın və dondurulsun. Yəni, potensial olaraq neft hasil edən dövlətlər yanvarda sutkalıq hasilat hansı səviyyədə olubsa, o həcmdə də saxlayacaqlar. Sonradan İran bu məsələyə neqativ yanaşdı. Baxmayaraq ki, İran rəsmiləri həmin görüşlər ərəfəsində daim bəyan edirdi ki, onlar beynəlxalq neft bazarında tarazlığın bərqərar olunması  tərəfdarıdır və bu sahədə atılan istənilən addımı dəstəkləyirlər. İndi Tehran bəyan edir ki, onlar sanksiyalara qədər mövcud olan satış bazarlarını geri qaytarmağa, sutkalıq hasilat və ixrac həcmlərinin artırılmasına iddialıdır.  Yəni, neft hasilatının yanvar ayında olan səviyyədə saxlanılması ideyası İran tərəfindən təsdiqini tapmadı. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən səslənən fikirlərə sonradan Küveyt, BƏƏ, Nigeriya da qoşuldu".  Həmsöhbətimizə görə, yaxın bir neçə ildə beynəlxalq enerji bazarlarında tarazlığın bərqərar olması çətin olacaq: "Hətta tarazlıq bərqərar olsa da, neftin qiymətində yüksək sıçrayışlar baş verməyəcək. İndilikdə neftin qiymətinə iki faktor təsir edir. Bunlar siyasi və geoiqtisadi faktorlardır. Geoiqtisadi faktorlara müraciət edəndə görürük ki, burada neftin qiymətində tarazlığın bərqərar olunması üçün 3 əsas prinsip nəzərə alınmalıdır. Bu prinsiplər ehtiyatda, yəni anbarlarda olan həcmlər, Avropanın və Çinin iqtisadi vəziyyəti və Amerikadakı sutkalıq hasilat həcminin səviyyəsindən ibarətdir. Bu faktorlar fundamental geoiqtisadi faktorlardır. Bunların hamısını bir-bir müzakirə etsək, onda görərik ki, yaxın bir neçə ildə neftin qiymətində ciddi sıçrayışların müşahidə olunacağı mümkün deyil. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin hazırda rezervlərində 3 milyard barrelə yaxın neft var. Səudiyyə Ərəbistanının  hazırda kommersiya təyinatlı rezervləri isə 300 milyon barreldən yuxarıdır. Çində də kommersiya və strateji rezervlər tam dolub. Yəni, orada sərbəst fiziki həcmlər üçün yer yoxdur. Çin istiqamətinə yönələn gəmilərin konsentrasiyasına fikir versək, görərik ki, Çin sahilindəki limanlara yaxın ərazilərdə kifayət qədər gəmilər dayanıb. Bu, o deməkdir ki, kommersiya və strateji rezervlər üçün Çində əlavə yer yoxdur. Çindəki neft emalı zavodlarının rezervləri də tam dolub. ABŞ-ın hazırda strateji neft ehtiyatları 600 milyon barreldən yuxarıdır. Kommersiya təyinatlı neft ehtiyatları isə 502-504 milyon barrel arası dəyişir. Anoloji fikri Avropa, Asiya, Sakit Okean regionuna daxil olan dövlətlər üçün də söyləmək mümkündür. Sadaladığım bu faktorlar əlavə neft emalı zavodlarına daxil olan neft anbarlarında da kifayət qədər neft var.  Bu fonda tələbat yüksək olmalıdır ki, rezervlərə yığılan fiziki həcmlər birbaşa emala yönəldilsin. İndi bu da mümkün deyil. Avropa, Şimali və Cənubi Amerika və Çində fəaliyyətdə olan emal gücləri tam emal gücündə işləyə bilmir. Onlar emal layihə güclərinin 59-60 faizi civarında işləyə bilirlər. Deməli, həm də neft məhsullarına tələbat azalıb. Bu da geoiqtisadi faktorlarla bağlıdır. Çin zavodlarının ixrac həcmlərində son dövrlər azalmalar müşahidə olunur. Amsterdam, Roterdam, Antverpen enerji meydanında bir milyon barreldən yuxarı yüksək oktanlı benzin yığılıb qalıb. Gəmilərdə də yaz-yay mövsümündə istifadə olunan açıq neft məhsulları istifadəsiz qalıb. Ona görə də yaxın zamanlarda neftin qiymətində böyük sıçrayışlar olmayacaq. Hazırda isə müəyyən sıçrayışların olmasının səbəbi yalnız verilən bəyanatlarla bağlıdır. Bu fundamental iqtisadi faktorlarla əlaqəli deyil. Ümumi fikir belədir ki, hazırda sutkalıq beynəlxalq neft bazarlarında 1,7 milyon barrel satılmayan, sərbəst fiziki həcmlər var.  Hesab edirəm ki, əslində, bu həcm daha da yüksəkdir. OPEK-in hazırda sutkalıq hasilatı 32 milyon barreldən çoxdur. OPEK-in hasil etdiyi neftə ümumi tələbat isə 29 milyon barreli keçmir. Deməli, hər sutka 3 milyon barrel satılmayan sərbəst fiziki həcmlər qalır. OPEK xarici dövlətlər 57-58 milyon barrel arasında sutkalıq neft hasil edirlər. Bura ABŞ, Kanada, Azərbaycan, Qazaxıstan, Rusiya və digər ölkələr daxildir. Hazırda dünya üzrə neft emalı güclərinin, qlobal neft emalı zavodlarının sutkalıq emal həcmi 77-78 milyon barrel arası dəyişir. Neftə olan tələbatı 95,6 milyon barrel səviyyəsində dəyərləndirirlər. Onun da 77-78 milyon barreli emala gedir. Yerdə qalan kəsir strateji və kommersiya ehtiyatlarının formalaşmasına sərf olunur. Belə olan təqdirdə necə ola bilər ki, neftin qiymətinin artmasında yaxın zamanlarda sıçrayışlar olsun, bu mümkün deyil. Ola bilər, qiymət ortalama 50-60 dollar arası dəyişsin".