DİN-də Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

24 Fevral 2016 14:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov xalqımızın son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirib.

 

Nazir müavini qeyd edib ki, yalnız Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılıb. Məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verilib, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunub, 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" sərəncam imzalanıb. 

 

Nazir müavini bildirib ki, hələ ötən əsrin 80-ci illərinin sonlarından erməni millətçiləri öz havadarlarının köməkliyi ilə Qarabağ bölgəsində strateji əhəmiyyətə malik məntəqə kimi Xocalını ələ keçirməyə can atır, lakin bu xain hücumların qarşısı hər dəfə şəhərin qəhrəman müdafiəçiləri tərəfindən qətiyyətlə alınırdı. Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər.

 

İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə tədbir iştirakçıları soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı O. Zalov işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib.

 

O. Zalov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.   

 

Şəhid ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya, həmçinin, əvvəlki görüşlərdə qaldırılan bir çox problemin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.