Təhsil Nazirliyi Məleykə Abbaszadənin fikirlərini yanlış, əsassız və böhtan adlandırıb
27 Noyabr 2012 18:00 (UTC+04:00)
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadənin "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı
müəllimi" müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc
olunan fikirlərinə cavab verib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,
cavab nazirliyin saytında yerləşdirilib. Təhsil Nazirliyinin
cavabında deyilir: "Son günlər müxalifət qəzetlərinin səhifələrində
ölkə Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən
keçirilən "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi"
müsabiqələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadənin yanlış, heç bir əsası olmayan və böhtan
dolu fikirləri əks olunub. Komissiya sədri bu müsabiqələrin düzgün
keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul
imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin
"İlin ən yaxşı məktəbi" müsabiqəsində yer tutmaması ilə
əlaqələndirir. Məlumat üçün bildiririk ki, ölkənin təhsil
mütəxəssisləri, eləcə də, beynəlxalq təhsil ekspertləri orta
məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq
olmadığını birmənalı şəkildə təsdiq edirlər. Ancaq buna baxmayaraq,
komissiyanın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal
toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin
keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin nəticələri
Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq, üst-üstə
düşür".
Qeyd olunub ki, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində
2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı
verilib. Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun
olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün
müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik
Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun
buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib. 20 məktəbin
2-si (Bərdə şəhər 5 saylı orta məktəb, Naxçıvan şəhəri 3
saylı orta məktəb) müsabiqədə iştirak üçün sənəd verməyib. Qalan 18
məktəb isə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi"
müsabiqəsinin qalibidir.
2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının
statistik təhlil bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36
məktəbin siyahısı verilib. Bu məktəblərin 13-ü (türk liseyləri)
dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə
iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva
adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı
olmadığına görə qaydalara əsasən müsabiqədə iştirak etməyib. 22
məktəbin 5-i müsabiqədə iştirak üçün sənəd verməyib, 2 məktəb (Bakı
şəhəri 30 və 48 saylı orta məktəblər) müsabiqədə aşağı nəticə
göstərdiyi üçün yer tuta bilməyib. Qalan 15 məktəb isə Təhsil
Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin
qalibidir: "Məleykə Abbaszadənin sözləri ilə desək, onun
fikirlərinin heç bir elmi əsası yoxdur. Qeyd olunan məlumatlardan
göründüyü kimi, komissiyanın müvafiq siyahısı Təhsil Nazirliyinin
keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci
ildə isə 94,5 faiz üst-üstə düşür. Bu nəticələr əvvəlki
illərdə də, demək olar ki, eynidir. Əlbəttə, bu nəticələr tam
olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu
müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin
fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır.
Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan
yalnız biridir. Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl
bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib
dəqiqləşdirsəydi, ölkə prezidentinin sərəncamı ilə yekunlaşdırılan
bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız
müzakirələrin aparılmasına səbəb olmazdı".