ABŞ-da anti-Azərbaycan qüvvələriən vurulan böyük zərbə

1 Aprel 2016 09:36 (UTC+04:00)

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində Prezident Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və bir sıra konqresmenlərlə görüş keçirib. Ekspertlər səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ kimi dəyərləndirirlər. Bundan başqa, ABŞ rəsmiləri ilə keçirilən görüşlər anti-Azərbaycan qüvvələrinə də mesaj olaraq dəyərləndirilir.

Siyasi şərhçi Arzu Nağıyev ilk olaraq onu bildirdi ki, nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir məsələyə çevrilib: "Başlıcası da dünyada münaqişələrin sayının artması, terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə artırıb. Məhz buna görə də Azərbaycanın indiyə qədər dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr nəzərə alınaraq ölkəmizin bu sahədə mühüm rolu yüksək qiymətləndirilib və Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mötəbər sammitə dəvət alıb.

Dövlət başçımızın sammitdə iştirakı Azərbaycanla ABŞ və sammitdə iştirak edən digər ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcək. Dövlət başçımızın Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq. Bu isə anti-Azərbaycan qüvvələrinə, eyni zamanda Ermənistana və onun havadarlarına bir mesajdır. Yəni, Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz dünyəviliyinə də sadiqdir. Bu istiqamətdə öz müstəqil siyasətini yürüdür".

Digər politoloq Tofiq Abbaslı da səfəri antimilli qüvvələr üçün zərbə hesab edir: "Ümumiyyətlə, anti-Azərbaycan qüvvləri tək bir ölkədə, bir qütbdə deyillər. Onlar hər yerdə var. Diplomatiyanın da əsas vəzifəsi ondan ibarətdir ki, düşmən qüvvələri tərk-silah etsin. Bu baxımdan Azərbaycanın xarici siyasəti proqramtik siyasətdir. Lazımsız yerdə qurulan bütün sədləri aşmağa müvəffəq ola bilir. Bu fonda Prezidentin ABŞ səfəri müsbət göstəriciləri ilə diqqəti çəkir. Çünki, son zamanlar ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaranmışdı. Tərəflər bir-birindən bir qədər uzaqlaşmışdılar. Halbuki, qarşılıqlı maraqlar heç də şübhə doğurmur.

Prezident bu dəfə də yada saldı ki, Azərbaycan iqtisadiyyatında ABŞ şirkətlərinin ümumi investisiya həcmi 10 milyard dollardır. Bu, ondan xəbər verir ki, qarşılıqlı maraqlar var. Həmin bu marqlar bir-iki gündə formalaşmayıb, uzun sürən prosesdir. ABŞ-Azərbaycan münasibətləri 25 ildən artıqdır ki, mövcuddur. Təbii ki, müvəqqəti və ya təsadüfi çətinliklər də olur. Diplomatiyanın vəzifəsi həmin çətinlikləri aradan qaldırmaqdır. Bu baxımdan ölkəmizin çevik siyasəti, proseslərə funksional yanaşması öz bəhrəsini verir. Əlbəttə, bəzi dairələrdə indiki Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması rəğbətlə qarşılanmayacaq. Ancaq bu, həmin dairələrin öz problemidir. Beynəlxalq münasibətlərdə rasional yanaşma, mənfəət əldə etmək, iqtisadi amil ən vacib rolu oynayır. O baxımdan heç kəs Azərbaycanı ittiham edə bilməz. Bu, bizim dövlətin müstəqil siyasətidir. Maraq da ondan ibarətdir ki, əlverişli məqamların hamısı Azərbaycanın gələcəkdə həm xeyrinə olsun, həm də Azərbaycan ətrafında uyğun zolaq formalaşdırsın".